ÖZ XƏBƏR

Zakir Fərəcov 266 min manatlıq yaşıllıq salır – bəs kəsilən ağaclar? + Yaşıllaşdırma yoxsa "yaşıl terror"a pərdə

Zakir Fərəcovun rəhbərlik etdiyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin Hacı Zeynalabdin qəsəbə nümayəndəliyi 266 min manatlıq yaşıllıq alınır

32gun.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Zakir Fərəcovun nəzarətində olan Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi yaşıllıqların və əlaqədar məhsulların satınalınması ilə bağlı böyük həcmli tender elan edib. Satınalmanın ehtimal olunan dəyəri 266.155 manat olaraq göstərilib. Prosesin icrasına qəsəbə nümayəndəsi Lalə Zülfi qızı Hacıyeva cavabdehdir.

Sifarişə müxtəlif növ dekorativ gül və bitkilər, ağaclar, gübrə və torf məhsulları, suvarma sistemləri və əlavə aqrotexniki ləvazimatlar daxildir. Siyahıda 40 min ədəd bənvşə, 40 min ədəd begonya, 45 min ədəd zinniya, 40 min ədəd ətirşah, 15 min ədəd payız gülü və digər mövsümi çiçəklərlə yanaşı, 4.500 ədəd Eldar şamı, 5.000 ədəd oleandra, 5.000 ədəd xan çinar, həmçinin təbii qazon rolları, damcı suvarma sistemi, qazon toxumu, torf, gübrə, peyin, suvarma avadanlıqları kimi geniş çeşid yer alır.

Tender sənədlərində göstərilir ki, məhsulların əsas hissəsi plastik dipçəklərdə, müxtəlif rənglərdə və bərabər paylanma tələbi ilə təqdim edilməlidir. Həmçinin qəsəbədə yaşıllıq zolaqlarının artırılması üçün 5 min kvadratmetr sahəyə təbii örtüklü qazon döşənməsi də nəzərdə tutulur. 

Əlbəttə, Z. Fərəcovun və nümayəndəsinin yaşıllıqlarla bağlı tenderi kağız üzərində təqdirəlayiq görünə bilər. Lakin real vəziyyət fərqlidir. Sumqayıtda yaşıl örtüyün “qorunması” adı altında aparılan işlər əslində şəhərin ağac fonduna ciddi zərbə vurur.

Məsələn, 11 noyabrda yayımlanan xəbərlərdə Sumqayıtda obyekt tikintisi bəhanəsi ilə ağacların kütləvi şəkildə kəsildiyi bildirilirdi. Sentyabrın 3-də yayılan görüntülərdə isə Polad Həşimov küçəsi 141 ünvanında baş verənlər açıq-aşkar göstərilir və şəhərdə “yaşıl terror”un başçı Zakir Fərəcovun nəzarəti altında davam etdiyi görünür.

Fevral ayında Sumqayıtın 6-cı mikrorayonu, bina 17-in qarşısındakı həyət tamamilə xarabazara çevrilmişdi. Sağlam, tumurcuqlu, çiçək açan və hətta meyvə verən ağaclar kəsilmişdi. Sakinlər səbəbi öyrənmək istəsələr də, heç bir aydın cavab ala bilməyiblər.

Mart ayında isə 1-ci mikrorayonda naməlum şəxslər balta ilə ağacları kəsib doğrayıblar. Sakinlər dərhal MKİS-ə müraciət etsələr də, onlara “Bazar günüdür, polisə zəng edin” deyə cavab verilib. Eyni zamanda, martda yayımlanan başqa görüntülər də Sumqayıtda ağacların qanunsuz şəkildə məhv edildiyini göstərir.

Oktyabr ayında Nəsimi parkında da ağacların kəsilməsi ilə bağlı polis və digər qurumların iştirakı ilə baxış keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, araşdırma aparılır və nəticəsinə uyğun hüquqi tədbir görüləcək.

Bütün bu faktlar göstərir ki, Sumqayıtda yaşıllıqların qorunması əslində kağız üzərindədir. Həqiqətdə isə şəhər “yaşıl terror” dövrünü yaşayır: sağlam ağaclar məhv edilir, yeni əkilən bitkilər isə bu boşluğu doldura bilmir. Bu, həm şəhər sakinlərinin həyat keyfiyyətinə, həm də ekoloji tarazlığa ciddi ziyan vurur.

Ayaz

Oxşar Xəbərlər