ÖZ XƏBƏR

Naxçıvanda 178 minlik tenderi 10 manatlıq şirkətə verildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti mərkəz və rayon bölmələrinin əsaslı təmiri üçün layihələndirmə xidmətinin satınalınmasına dair tenderin qalibini müəyyənləşdirib.

32gun.az xəbər verir ki, satınalma 178.652 AZN dəyərində “HOUSE PROJECT” MMC-yə həvalə edilib. Qeyd edək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 10 manat, təsisçisi isə Nərgiz Ağayeva Qəzənfər qızıdır.

Layihələndirmə işləri həm Naxçıvan şəhərindəki Xətai məhəlləsində yerləşən baza, həm də Şərur rayon bölməsi üzrə geniş spektrdə xidmətləri əhatə edir. Paketə topoqrafiya, baş plan, memarlıq həlli, elektrik və su-kanalizasiya təchizatı, istilik-ventilyasiya-kondisioner sistemi, istilik effektivliyi hesabatı, yanğın siqnalizasiya və yanğınsöndürmə sistemi, tikintinin təşkili layihəsi, smeta və iş həcmləri kimi bütün əsas mühəndis-texniki bölmələr daxildir.

Hər iki obyekt üzrə bütün bölmələr ayrıca 1 ədəd olmaqla sifariş olunub və xidmətlərin tam həcm üzrə eyni şirkət tərəfindən icra edilməsi nəzərdə tutulur.

Qalib şirkətin maliyyə göstəricilərinin minimal olması fonunda bu məbləğdə kompleks layihələndirmə işlərini necə icra edəcəyi isə sual doğurur. Bununla belə, rəsmi sənədlərdə tender prosedurunun tamamlandığı qeyd olunur.

Nilay

Oxşar Xəbərlər