“Qazax” Xeyriyyə İctimai Birliyi nin təşəbbüsü ilə Alı Mustafayevin xatirəsi yad edildi - FOTO
Azərbaycanın Milli Qəhrəmanı, şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Alı Mustafayevin 70 yaşı tamam olub.
32gun.az xəbər verir ki, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Milli Qəhrəman Alı Mustafayevin 70 illik yubileyi ilə əlaqədar olaraq Şəhidlər Xiyabanında Milli Qəhrəmanın məzarı ziyarət olunub və qəbri üstünə əklil və güllər qoyulub.
Onun haqqında xatirələrdən söhbət açılıb. Tədbir iştirakçıları Alı Mustafayevin məzarı ilə yanaşı Azərbaycanın Milli Qəhrəmanı, ilk Şəhid qadın jurnalist Salatın Əsgərovanın, Milli Qəhrəman Fəxrəddin Şahbazovun məzarını ziyarət edib, məzarlarına qərənfillər düzüblər.
Tədbirdə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov, Şəhid leytenant Teymur Abbasovun anası Başxanım Abbaslı, Şəhid könüllü əsgər Əlizamin Mustafalının anası Ülviyyə Nəbiyeva, Şəhid leytenant Murad Nağıyevin anası Xavər Məhəmmədi, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Şərq” qəzetinin redaktoru Akif Aşırlı, Əli Kərim adına Sumqayıt Poeziya evinin müdiri şair İbrahim İlyaslı, BDU-nun Jurnalistika fakültəsinin dekanı dosent Vüqar Əliyev, BDU-nun müəllim-tələbə heyəti, Alı Mustafayevin həyat yoldaşı Lalə xanım, Şəhidin yaxın qohumları, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri iştirak ediblər.
İlham Pirməmmədov tədbiri giriş sözü ilə açaraq bütün Şəhidlərimizə rəhmət diləyib, Alı Mustafayevin qəhrəmanlığından, bizə irs olaraq qoyub getdiyi ədəbiyyatdan söhbət açıb.
Ordumuzun bu günkü gücündən söz açan İlham Pirməmmədov Cənab Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirərək. Şəhidlərimizə Allahdan rəhmət, Qazilərə can sağlığı arzulayıb:
“Biz artıq qalib xalqıq. Qarabağ azad oldu. Cənab Prezident sərhədlərin demakrasiya və delimitasıyasını hər an diqqətdə saxlayır. Yaxın günlərdə Qarabağın hər qarış torpağı Azərbaycanın tam nəzarətinə götürüləcək. 30 ildir gözlədiyimiz an gəlib yetişdi. Qarabağ öz sahiblərinə qovuşdu. İndi Alı müəllimin də ruhu şaddır. Bu gün bizim əsas məqsədimiz Alı müəllimin qəhrəmanlığından söz açmaqdır. Alı müəllim azadlıq yolunda can verən ziyalıdır. Azadlıq yoluna işıq saçan qəhrəmandır. Alı müəllim Azadlıq meydanından həyatını azadlığa qurban verən qəhrəmandır. 1988-ci ildən Şəhidlik zirvəsinə ucalan günə kimi Alı müəllim Vətən, millət, azadlıq, dedi. Və bu yolda da öz ömrünü Vətəninə fəda etdi. Onun xatirəsi Azərbaycan xalqı tərəfindən daim əziz tutulur".
Əflatun Amaşov da Şəhidlərimizin Vətən qarşısında xidmətlərinin danılmaz və əvəzsiz olduğunu xüsusilə vuğulayıb: “Şəhidlər Xiyabanında uyuyan hər bir Şəhid bizim üçün əzizdir. Bu gün hamımızın əzizimiz Alı Mustafayevin xatirəsinin işığına yığışmışıq. Burada onunla bərabər Fəxrəddin Şahbazov, Salatın xanım Əsgərova da uyuyur. Onların hər biri o qanlı günləri xalqa olduğu kimi çatdırmaq üçün öz canlarından keçdilər. Xalq olaraq onların xatirəsini daim əziz tutacağıq. Mən Alını yaxşı tanıyırdım. O dövrdə Azərtac-da işləyirdim. Məlumat almışdıq ki, vəziyyət daha da gərginləşir. Qaradağlı hadisəsindən sonra vəziyyət daha da ağırlaşdı. Artıq qərar verildi ki, dövlət adamları Qarabağa getsinlər. Sanki Azərbaycanın seçilmiş ziyalıları birgə helikopterlə hadisə yerinə getdilər. Sanki o dövrkü hakimiyyətin qaymaqlarını Allah-təala bir yerə yığdı və Şəhidlik zirvəsinə ucaltdı. Hər adama qismət olan zirvə deyil Şəhidlik zirvəsi. Biz Alı ilə mütəmadi əlaqə saxlayırdıq. Vəziyyətə görə elə olurdu ki, xəbərlər gecikirdi. O zaman Alı öz narahatlığını bildirirdi, dərhal zəng edirdi ki, xəbər gecikdi. Alı elə bir şəxsiyyət idi ki, kim onunla bir dəfə söhbət etmişdisə, Alı onun yaddaşında əbədi qalıb. Elə insanlar var ki, onların xatirəsi əbədi olur, unudulmur. Alının da xatirəsi əbədidir. İndi Alının ruhu şaddır. Arzuladığı torpaqlar işğaldan azad olundu. Allah rəhmət etsin. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin.”
Daha sonra tədbirdə çıxış edən digər şəxslər də çıxış edərək Alı Mustafayevlə bağlı xatirələrini bölüşüb və şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə şəfa diləyiblər.