Avstraliyanın Tasmaniya Universitetinin alimləri britaniyalı tədqiqatçılarla birgə Antarktida ətrafında nəhəng sualtı şəlalələr aşkar ediblər. Kəşf peyk müşahidələri vasitəsilə edilib.
32gun az bildirir ki, araşdırmanın nəticələri Communications Earth & Environment jurnalında dərc olunub.
Tədqiqatçılar CryoSat-2 və Sentinel-3A peyklərinin məlumatlarını təhlil edərək müəyyən ediblər ki, bəzi bölgələrdə yüksək sıxlığa malik su kütlələri Antarktida şelfindən bir neçə kilometr dərinliyə doğru axaraq şəlalələr yaradır. Bu yerlərdə dəniz səviyyəsində bir neçə santimetrə qədər enmələr müşahidə olunub.
Alimlərin sözlərinə görə, bu sualtı şəlalələr dəniz buzunun donması zamanı yaranır. Donma zamanı duz suya keçdiyi üçün suyun sıxlığı artır və bu daha ağır su kütlələri kontinentin yamacları boyunca dərinliyə doğru hərəkət edir. Bu axınlar suyun dərin qatlarına oksigen, qida maddələri və udulmuş karbon daşıyır.
Araşdırma müəllifləri bildiriblər ki, bu dövran qlobal iqlimə təsir göstərir və kosmosdan aparılan müşahidələr gələcəkdə iqlim modellərinin dəqiqləşdirilməsi və dəyişən mühitə uyğunlaşma strategiyalarının hazırlanması üçün mühüm rol oynaya bilər.
Ayxan