SİYASƏT

ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı

Dövlət Departamentinin son mesajı Ağ Evdəki razılaşmanı pozmaq istəyən qüvvələrin hazırlıq anonsu sayıla bilər

ABŞ Dövlət Departamenti Ermənistan üçün səyahət xəbərdarlıqlarını yeniləyərək, sərhədyanı zonalardan çəkinməyi məsləhət görüb. Bu barədə “The Street” nəşri yazıb. Nəşr qeyd edir ki, Dövlət Departamenti “yüksək diqqətlilik” səviyyəsini saxlayıb, bu kateqoriyaya Fransa, İtaliya və Tailand da daxildir. Bununla yanaşı, ABŞ hakimiyyəti bəyan edib ki, bəzi bölgələrdə “risklər daha yüksəkdir. "Xüsusi narahatlıq doğuran ərazilər Azərbaycana sərhəd olan bölgələrdir, çünki regionda yeni hərbi əməliyyatların baş verməsi mümkündür.

Ermənistanda rəsmi işlərdə olan ABŞ vətəndaşlarına aşağıdakı ərazilərə səfəri qadağan olunur: Göyçə vilayətində Vardenisdən şərqdə yerləşən ərazi, Zəngəzur vilayətində Gorusdan şərqdə yerləşən ərazi və həmin vilayətdə Qafan şəhərindən cənubda yerləşən ərazi", - deyə nəşr bildirib.

32gun.az-ın məlumatına görə, “The Street” nəşri vurğulayıb ki, şəxsi məqsədlə səyahət edənlərə bu yerlərdən ciddi şəkildə uzaq durmaq tövsiyə olunur. “Arazdəyən kəndindən keçmək icazəlidir, lakin dayanmaq qadağandır”, - deyə bu yaxınlarda dərc olunmuş məlumatda bildirilib. Qeyd edilir ki, keçmişdə Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar baş verib və silahlı münaqişə ehtimalı qalır.

“Ermənistan-Azərbaycan sərhədinə yaxın yollarda ehtiyatlı olun. Bəzi hissələr beynəlxalq sərhədi xəbərdarlıq edilmədən keçə bilər. Yollar keçid məntəqələri ilə nəzarət oluna və ya hakimiyyət orqanları tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən bağlana bilər. ABŞ səfirliyi öz əməkdaşlarına və onların ailə üzvlərinə sərhədyanı bölgələrə, həmçinin bu xəbərdarlıqda qeyd olunmuş Ermənistanın digər ərazilərinə zərurət olmadan səfər etməyi qadağan edir”, - deyə məlumatda bildirilib.

Maraqlıdır ki, bu xəbərdarlıq ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehen Ermənistana səfərindən və rəsmilərlə görüşlərindən sonraya təsadüf edir. Henrehen sentyabrın 11 və 12-də Ermənistanda olub.

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan da ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosunun rəhbəri Brendan Henrehenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi. ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin də iştirak etdiyi görüşdə baş nazirin müavini avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşlərin nəticəsində əldə olunmuş razılaşmaları yüksək qiymətləndirərək ümidlə bildirmişdi ki, birgə səylərlə Ermənistan və ABŞ arasında imzalanmış anlaşma memorandumları çərçivəsində ikitərəfli münasibətləri inkişaf etdirmək mümkün olacaq. Vurğulanıb ki, tərəflər regional inkişafları və kommunikasiyaların açılma imkanlarını müzakirə ediblər, “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsinin əhəmiyyətinə toxunublar. Bu kontekstdə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosunun rəhbəri bildirib: “Çox məmnunam ki, Konqreslə birgə işləyərək, biz Ermənistana 145 milyon ABŞ dolları dəstək vermək niyyətindəyik. Bu, maliyyələşdirmənin ilk hissəsidir və məqsədi "Beynəlxalq sülh və rifah naminə Tramp yolu" layihəsini, həmçinin avqustun 8-də əldə olunmuş müvafiq razılaşmaların icrasını dəstəkləməkdir. Bu vəsait ticarət, infrastruktur, strateji faydalı qazıntıların təchizat zəncirlərinin və sərhədyanı təhlükəsizliyin inkişafı istiqamətində sərmayələri dəstəkləyəcək".

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli əməkdaşı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla Zəngəzur dəhlizini - “Tramp marşrutu” layihəsini müzakirə etmişdi. Qeyd edək ki, bu marşrut Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsini əhatə edir. Papoyan İrəvanın layihədə maraqlı olduğunu bildirib. O, özəl sərmayələrin cəlb edilməsi və həyata keçirilməsinə dair yol xəritəsinin hazırlanmasını təklif edib. Nazir həmçinin infrastrukturun modernləşdirilməsi və sərhəd təhlükəsizliyinin təminində Amerikanın dəstəyinin vacibliyini vurğulayıb. Tərəflər əlavə olaraq ABŞ-Ermənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə ediblər. Buraya ticarət, investisiya, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və turizm sahələri daxildir.

ABŞ-nin artıq Zəngəzur dəhlizi - Tramp marşrutunu maliyyələşdirməyə başlaması, deyəsən, bəlli mərkəzləri hərəkətə keçirib və Ermənistandakı əlaltılarını hərəkətə keçməyə sövq etməkdədir. Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının Paşinyana impiçment təşəbbüsü ilə çıxış etməsi, separatçıların baş qaldırması təsadüf sayıla bilməz. Üstəlik, sülh müqaviləsinin ilin sonunadək imzalana biləcəyi, hətta Paşinyanın növbədənkənar seçkilərə qərar verəcəyi barədə informasiyaların fonunda revanşistlərin baş qaldırması təxribatları qaçılmaz edir. Təbii ki, ABŞ rəsmisi ciddi informasiyalarla geri dönüb və məlum xəbərdarlıq yayılıb. Bu vəziyyət nə vəd edir? Gərginliyi tətikləyən qüvvələr kimlərdir? Dövlət Departamentinin açıqlamasını necə şərh etmək olar?

Oxşar Xəbərlər