İdman ayaqqabısı seçərkən DİQQƏTLİ OLUN: səhv seçim sağlamlığa zərər vura bilər
İdmanla məşğul olan hər kəs yaxşı bilir ki, düzgün ayaqqabı rahatlıq və nəticə üçün əsas amillərdəndir. Amma mütəxəssislər xəbərdarlıq edir ki, səhv seçim bel, diz və oynaq problemlərinə qədər fəsadlara səbəb ola bilər.
32gun.az bununla bağlı araşdırma edib:

Ölçü və ayaq quruluşu
Ayaqqabının nə çox dar, nə də həddindən artıq geniş olması məsləhətdir. Barmaqlar sərbəst hərəkət edə bilməli, daban hissəsi isə möhkəm saxlamalıdır. Ayaq quruluşu nəzərə alınmadan seçilən ayaqqabılar topuq burxulması və uzunmüddətli ağrılar yarada bilər.
Mütəxəssislər vurğulayır ki, hər idman növü üçün uyğun ayaqqabı mövcuddur. Qaçış üçün yüngül və amortizasiya qabiliyyəti yüksək modellər, fitnes üçün isə daha möhkəm və çevik ayaqqabılar tövsiyə edilir. Basketbol və futbol kimi idman növlərində isə daban dəstəyi və altlığın sürüşməməsi əsas şərtdir.
Material və havalandırma
Ayaqqabının nəfəsalan materiallardan hazırlanması tərləmənin qarşısını alır və gigiyenik baxımdan vacibdir. Keyfiyyətsiz material həm xoşagəlməz qoxulara, həm də dəri xəstəliklərinə səbəb ola bilər.
İdman sağlamlığı üzrə mütəxəssis Fərid Qasımov 32gunşaz-a bildirib ki,yaqqabı seçiminə laqeyd yanaşmaq bir çox hallarda görünməyən, amma uzunmüddətli zərərlərə səbəb olur:
"Çox insan ayaqqabını yalnız marka və ya dizayna görə alır. Halbuki, hər bir idman növünün öz tələbləri var. Qaçış üçün nəzərdə tutulmuş ayaqqabı ilə məşq zalında ağır hərəkətlər etmək təhlükəlidir, çünki bu zaman həm diz oynaqları, həm də bel sütunu əlavə yüklənməyə məruz qalır. Düzgün seçim olunmadıqda idman bir fayda yox, əksinə, sağlamlığa ziyan gətirir."
Onun sözlərinə görə, xüsusilə gənclər və idmana yeni başlayanlar bu məsələyə ciddi yanaşmalıdırlar:
"Əgər ayaqqabı ayağın quruluşuna uyğun deyilsə, qısa zamanda daban ağrıları, topuq burxulmaları və sümük deformasiyaları yarana bilər. İllər sonra isə bu, oynaq problemlərinə və bel nahiyəsində xroniki ağrılara qədər gedib çıxa bilər. Buna görə də ayaqqabı seçərkən onun ölçüsünə, daban dəstəyinə, amortizasiya xüsusiyyətlərinə və material keyfiyyətinə diqqət yetirmək vacibdir."
Ekspert həmçinin vurğulayır ki, qadın və kişi ayaqqabılarındakı texniki fərqlər də nəzərə alınmalıdır:
"Qadın ayaqları quruluş etibarilə daha incə olduğundan, onlar üçün hazırlanan modellərdə yüngüllük və elastiklik üstünlük təşkil edir. Kişilər üçünsə geniş qalıplı və daha davamlı ayaqqabılar istehsal olunur. Bu fərqi nəzərə almamaq idman zamanı balanssızlıq və narahatlıq yarada bilər."
Fərid Qasımovun fikrincə, düzgün ayaqqabı seçmək sağlamlığın qorunması ilə yanaşı, idmandan əldə olunan nəticələrin də daha effektiv olmasına imkan yaradır.
Ayaz
