ÖZ XƏBƏR

 Park və ağaclı küçələrdə gəzinti stressi azaldır

Parkda və ya sıx ağaclı küçələrdə gəzinti stress səviyyəsini azaltmağın sadə və effektiv yolu ola bilər.

32gun.az bildirir ki, bu qənaətə Florida Universitetinin alimləri gəlib. Araşdırma Trees, Forests and People (TFP) jurnalında dərc olunub.
Tədqiqat müəllifləri müəyyən ediblər ki, psixi rifah üçün sadəcə yaşıllıq olan ərazidə yaşamaq və ya pəncərədən ağacları görmək kifayət etmir. Əsas amil məhz bu məkanlarda aktiv şəkildə vaxt keçirməkdir — parklar, meşə-park zonaları və ağaclı küçələrdə müntəzəm gəzintilər.
Araşdırmanın aparıcı müəllifi, Florida Universitetinin Kənd Təsərrüfatı və Bioloji Elmlər fakültəsinin doktorantı Suzi Suxendi bildirib ki, stress yaşayan orta statistik insan üçün parklara, ağaclı küçələrə və ya təbii ərazilərə vaxt ayırmaq vacibdir:
“İdeal halda hər gün, ən azı isə həftədə bir neçə dəfə. Sadəcə pəncərədən ağaclara baxmaq və ya ‘yaşıl’ ərazidə yaşamaq hər zaman nəzərəçarpacaq effekt vermir. İnsan bu məkanlara çıxmalı və onlarla təmasda olmalıdır”.
Tədqiqatda yaşı 45 və yuxarı olan 1361 Florida sakini iştirak edib. İştirakçılardan stressə səbəb olan amillər və onu azaltma yolları barədə sorğu aparılıb. Ən çox qeyd olunan stress mənbələri maliyyə qeyri-sabitliyi və sağlamlıq problemləri olub.
Alimlər həmçinin şəhər yaşıllıqlarının araşdırılmasında istifadə olunan “3–30–300” qaydasına diqqət çəkiblər. Bu qaydaya görə, insanın evindən ən azı üç ağac görünməli, ərazinin təxminən 30 faizi ağac örtüyü ilə əhatə olunmalı və istirahət üçün yaşıl zona yaşayış yerindən 300 metrdən uzaq olmamalıdır. Araşdırma göstərib ki, ağacların yaxınlıqda olması stressin azalması ilə əlaqəlidir, lakin ən güclü təsiri yaşıl zonalarda müntəzəm vaxt keçirmək göstərir.
Parklara və ağaclı küçələrə nadir hallarda gedən və ya bu cür məkanlara çıxışı məhdud olan respondentlər orta hesabla daha yüksək stress səviyyəsi barədə məlumat veriblər.
Tədqiqat müəlliflərinin sözlərinə görə, şəhər ağaclarının əhəmiyyəti tez-tez lazımi qədər qiymətləndirilməmiş qalır. “Kölgə və estetik görünüş kimi üstünlüklər açıq-aydındır, lakin insan sağlamlığına təsiri geniş ictimaiyyətin diqqətindən kənarda qalır. Halbuki şəhərlərin sıxlaşması, urbanizasiyanın artması və yaşıl sahələrin azalması fonunda ağaclar gələcək nəsillər üçün daha da vacib olacaq”, — deyə alimlər vurğulayıblar.
Araşdırma göstərir ki, şəhər yaşıl infrastrukturuna yatırımlar təkcə ekoloji və abadlıq məsələsi deyil, həm də əhalinin psixi sağlamlığına mühüm töhfədir.

Nilay 

Oxşar Xəbərlər