Beynəlxalq alimlər qrupu kainatın quruluşuna fərqli baxış təqdim edib. Yeni nəzəriyyəyə görə, reallığın əsasında nə maddə, nə də məkan-zaman dayanır, onun təməlində informasiya mövcuddur.
32gun.az xəbər verir ki, bu nəzəriyyə “kvant yaddaş matrisi” (Quantum Memory Matrix – QMM) adlanır.
The Conversation portalının yazdığına əsasən, alimlər məkan-zamanı xırda hüceyrələrdən ibarət təsəvvür edirlər. Hər bir hüceyrə baş verən bütün qarşılıqlı təsirləri “yadda saxlayır”. Bu yanaşma məşhur “qara dəliklərin informasiya paradoksu”nu həll edir: əgər ümumi nisbilik nəzəriyyəsinə görə qara dəliyə düşən hər şey yoxa çıxırsa, kvant mexanikasında informasiya məhv ola bilməz. QMM modelində isə məlumat məkan-zaman hüceyrələrində qorunur, hətta qara dəlik tamamilə buxarlansa belə.
Alimlər bildirirlər ki, bu nəzəriyyə həm qaranlıq maddəni, həm də qaranlıq enerjini izah etməyə kömək edir. Hüceyrələrdə toplanmış “izlər” görünməz kütlə kimi davranaraq qalaktikaların fırlanmasına təsir göstərir. Enerji ilə dolmuş hüceyrələr isə kainatın sürətlə genişlənməsinə səbəb olan kosmoloji sabitliklə üst-üstə düşür.
Hesablamalar göstərib ki, kainat dövrlər şəklində inkişaf edir – o artıq bir neçə dəfə genişlənmə və yığılma mərhələləri keçirib. Alimlərin proqnozuna görə, qarşıda daha bir neçə “böyük sıçrayış” var və məkan-zamanın yaddaşı tam dolduqdan sonra kainat yalnız yavaş genişlənmə mərhələsinə keçəcək. Onların qiymətləndirməsinə görə, kainatın “informasiya yaşı” təxminən 62 milyard ildir – bu da qəbul olunmuş 13,8 milyard ildən dəfələrlə çoxdur.
Nəzəriyyənin bəzi elementləri kvant kompüterlərində sınaqdan keçirilib. Kubitlər məkan-zaman hüceyrələrinin analoqu kimi götürülüb. Alimlər məlumatın yazılması və oxunması protokollarını sınayıblar və ilkin vəziyyəti 90 faizdən çox dəqiqliklə bərpa edə biliblər.
Ayaz