DOST Agentliyinin 266 min manatlıq tenderi ləğv edildi - SƏBƏB
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən təsərrüfat mallarının satın alınması ilə bağlı elan olunan açıq tender proseduru ləğv olunub.
32gun.az xəbər verir ki, satınalma 266 min 506,45 manat ehtimal olunan qiymətlə planlaşdırılsa da, nəzarət orqanının qərarı ilə dayandırılıb. “Dövlət satınalmaları haqqında” Qanunun 36-cı maddəsinə əsasən, yekun protokolun təsdiqlənməməsi və ya satınalmanın ləğvi barədə qərar qəbul edildikdə komissiya tenderi etibarsız sayır.
Satınalma çərçivəsində müxtəlif təsərrüfat mallarının alınması nəzərdə tutulmuşdu. Siyahıya şəffaf ikitərəfli skoç (50 ədəd), 2 komponentli kley və sprey (100 ədəd), taxta qapılar üçün serçavina (100 ədəd), 200-250 ml həcmli birdəfəlik kağız stəkan (500 min ədəd), dispenser üçün kağız (60 min bağlama), döşəmə silən aparat üçün maye (300 litr) və digər mallar daxil idi.
Müsabiqənin nəticəsiz qalması səbəbindən yaxın vaxtlarda DOST Agentliyi tərəfindən yeni tenderin elan ediləcəyi gözlənilir.
Ayaz