Könüllülük hərəkatında yüksəliş: İDEA-nın layihələri və MEDİA könüllüləri ön planda
Könüllülük hər cəmiyyətdə sosial aktivliyi gücləndirən əsas vasitədir. Gənclər bu fəaliyyət sayəsində həm yeni bacarıqlar qazanır, həm də ictimai problemlərin həllində iştirak edirlər.
Gənclərin sosial fəallığını artıran əsas mexanizm
Dünyanın bir çox ölkəsində insanlar ağac əkir, ekoloji aksiyalar keçirir və sağlam həyat tərzini təşviq edirlər. Könüllülük həm şəxsi inkişaf, həm də cəmiyyət üçün faydalı təcrübə yaradır.Araşdırmalar göstərir ki, aktiv könüllülük edən gənclərin gələcəkdə ictimai həyatda daha fəal və uğurlu olduqları müşahidə edilir. Könüllülük həm fərdi inkişaf, həm də cəmiyyət üçün uzunmüddətli fayda təmin edir.

İDEA-nın ekoloji hərəkatı və gənclərə verdiyi imkanlar
Azərbaycanın gənc nəslinin bu sahədə fəallığını artıran təşəbbüslərdən biri İDEA İctimai Birliyidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təsis edilmiş bu birlik gənclərin həm regional, həm də beynəlxalq səviyyədə cəmiyyətlər qurmasına, ekoloji və sosial layihələrdə lider kimi yetişməsinə imkan yaradır. İDEA müxtəlif layihələr həyata keçirir. Bunlar arasında “Eko Məktəblər”, “Ağacların qeydiyyatı və nömrələnməsi”, “Ev heyvanları ilə məsuliyyətli davranış” təlimləri, “Nəcib maralların reintroduksiyası” və “Sevincini bölüş” xeyriyyə kampaniyası xüsusi yer tutur.

“Yanğından yaşıllığa” kampaniyası meşələrin bərpasına yönəlmiş fəaliyyətlərlə gəncləri təbiətin qorunmasına cəlb edir. Bundan əlavə, İDEA könüllüləri ictimai təmizlik, ağacəkmə aksiyalarında və sosial kampaniyalarda aktiv iştirak edir.

Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da birbaşa bu aksiyalarda iştirak edərək gənclər üçün nümunə göstərirlər.

İDEA-nın layihələri həm ekoloji maarifləndirmə, həm də sosial məsuliyyət baxımından cəmiyyət üçün əhəmiyyətli töhfə verir və gənclərin liderlik bacarıqlarını inkişaf etdirir.


Hətta İDEA-nın təsisçisi Leyla xanım Əliyevanın belə bir mesajını da xatırlatmaqdan məmnunluq duyuram:
"Dünyanın hər yerində gənclər ətraf mühitlə bağlı çağırışlara daha həssas yanaşmağa başlayırlar. Bizi dəstəkləyən və həyat verən təbiətlə harmoniyada yaşayacağımız bir gələcəyi yaratmaq öz əlimizdədir.
Biz BEYNƏLXALQAQ, çünki ətraf mühit sərhəd tanımır. Hamımız bu prosesin bir hissəsiyik və qarşımızdakı böyük imkanlardan yararlanmaq, eləcə də çətinliklərin öhdəsindən gəlmək üçün birlikdə çalışmalıyıq.
Biz DİALOQA önəm veririk, çünki öyrənəcəyimiz çox şey var və sağlam dialoqdan yaranan münasibətlər həmrəyliyin əsas sütunlarını təşkil edir.
Biz hər şeydən çox ƏTRAF MÜHİTİMİZƏ qayğı göstəririk.
Və biz FƏALİYYƏTƏ sadiqik – gənclərin ailələrində, icmalarında və ölkələrində nümunə ola biləcəkləri praktiki ekoloji addımlar atmağa hazırıq".
Media sahəsində könüllülərin rolu

Könüllülük həmçinin medianın inkişafında da özünü göstərir. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən təşkil edilən “MEDİA könüllüləri” Proqramı, gənclərin medianın inkişafı və ictimai layihələrdə fəal iştirakını təmin edir. Bu proqram gənclərin bilik və bacarıqlarını artırır, ölkə üzrə şəbəkələşmələrini və sosiallaşmalarını dəstəkləyir. İDEA və Media könüllüləri layihələri gəncləri həm ictimai, həm ekoloji, həm də peşəkar sahələrdə fəal olmağa təşviq edir.
Gənclərin fəaliyyəti cəmiyyətin inkişafını sürətləndirir
Göründüyü kimi, könüllülük Azərbaycan cəmiyyətində yalnız xeyriyyə deyil, həm də sosial və ekoloji dəyişikliklərin əsas vasitəsidir. Gənclərin aktiv iştirakı ilə həyata keçirilən layihələr ölkənin inkişafına, cəmiyyətin maariflənməsinə və ətraf mühitin qorunmasına real töhfə verir.
Aygün İlqarqızı / 32gun.az Xəbər Portalının Baş redaktoru

