Mehriban Əliyeva ilə Azərbaycanın qlobal humanitar missiyası: Mədəniyyət, xeyriyyəçilik və multikultural diplomatiya
Azərbaycanın beynəlxalq aləmdə tanınmasında mədəniyyət sahəsindəki təşəbbüslər böyük rol oynayır. Heydər Əliyev Fondunun prezidenti və ölkəmiizn I vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr, ölkəmizin mədəni irsini qorumaq və dünyaya tanıtmaq istiqamətində geniş imkanlar yaradıb.
Əlbəttə ki, xarici ölkələrdə tarixi abidələrin bərpası, musiqi və muğam festivallarının təşkili, UNESCO ilə əməkdaşlıq, Azərbaycanın multikultural və tolerant dəyərlərinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Bu təşəbbüslər, Azərbaycanı yalnız regional deyil, qlobal mədəniyyət məkanı kimi tanıtdırır.
Birinci vitse-prezident Mehriban Əliyeva çıxışlarının birində vacib və möhtəşəm bir məsələyə toxxunub: "Mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir. Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər"

Sosial rifah inkişafı və xeyriyyəçilik fəaliyyətində mühüm addımlar
Heydər Əliyev Fondu, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə, uşaqlar, tələbələr və aztəminatlı ailələr üçün geniş sosial layihələr həyata keçirir. Məktəblər, bağçalar və səhiyyə obyektlərinin tikintisi, əlilliyi olan şəxslərə dəstək proqramları, ölkə daxilində sosial rifahın yüksəldilməsinə xidmət edir. Fondun təşəbbüsləri, həmçinin münaqişədən zərər çəkmiş bölgələrdə infrastrukturun yenidən qurulmasını təmin edərək Azərbaycanı humanitar və xeyriyyə yönümlü dövlət kimi dünyaya təqdim edir.
O müsahibələrinin birində vurğulayıb:
"Müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyır, cəmiyyətin rifahı naminə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. Bu fəaliyyət həm fiziki, həm də hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Həmin yardımı alanlar da həm fiziki, həm də hüquqi şəxslər ola bilər.
Xeyriyyəçilik fəaliyyəti müəyyən əmlakın, o cümlədən pul vəsaitlərinin verilməsi, müəyyən işlərin görülməsi, xidmətlərin təqdim edilməsi formasında həyata keçirilə bilər. Həmin fəaliyyətin nədən ibarət olmasından və məhz kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, əgər əvəzsiz və könüllü şəkildə yaxşılıq edilirsə, nemətlər yaradılırsa, bu fəaliyyətin xeyriyyəçilik hesab edilməsi tamamilə düzgündür. Başqa sözlə desək, xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir.
Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir".

Beynəlxalq əməkdaşlıq və multikultural dialoq
Təbii ki, ölkəmizin qlobal imicini gücləndirən digər istiqamət beynəlxalq əməkdaşlıqdır. M.Əliyevanın təşəbbüsü ilə ölkəmiz multikulturalizm, tolerantlıq və mədəni müxtəlifliyə dair forum və konfranslarda aktiv iştirak edir. Əminnəm ki bu davam edəcək. Beynəlxalq musiqi festivalları, bioetika və humanitar təşəbbüslər sahəsindəki tədbirlər, ölkəmizi dünyanın diqqət mərkəzində yerləşdirir. Bu layihələr Azərbaycanın diplomatik və mədəni nüfuzunu möhkəmləndirir.
Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına, tarixi və mədəni irsin qorunmasına yönəlmiş layihələri ilə daim beynəlxalq ictimaiyyətin diqqətini çəkir və yüksək qiymətləndirilir.
M.Əliyevanın tolerantlıq və multikulturalizm ideyalarını əks etdirən çıxışları, müxtəlif tədbirlərdə iştirakı, beynəlxalq konfranslardakı nitqləri və görüşləri, eləcə də müqəddəs dini məkanlara etdiyi ziyarətlər hər zaman ölkəmizin mənafeyinə xidmət edən mühüm addımlar olub.
Heydər Əliyev Fondu Qarabağda ermənilər tərəfindən dağıdılmış, Azərbaycan xalqının milli sərvəti sayılan dini və tarixi abidələrin bərpasını uğurla davam etdirir. Şuşa qalasının divarları, Pənahəli xanın sarayı və kitabxanası, İbrahimxəlil xanın bürcü və qəsri, Xan sarayı və karvansarayı, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Gövhər ağa, Saatlı və Köçərli məscidləri, eləcə də Xurşidbanu Natəvanın evi və bulağı bərpa olunur. Eyni zamanda, Ə.B.Haqverdiyev, Q.B.Zakir, M.M.Nəvvab, S.S.Axundov, N.B.Vəzirov, Bəhmən Mirzə, Xan Şuşinski, Sadıqcan, Y.V.Çəmənzəminli, Üzeyir bəy Hacıbəyli və Bülbülün ev-muzeyləri də yenidən qurulur və restavrasiya edilir.
Şəhərdə infrastruktur layihələri ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpası da sürətlə davam edir. Yerli və xarici mütəxəssislərin iştirakı ilə ziyarətgahların konservasiyası və yenidən qurulması işləri aparılır. 32 ildən sonra Şuşada, Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalı, həmçinin Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərini əhatə edən “Əbədi imzalar” toplusu və “Qarabağın mədəni irsi” adlı nəşrlər, xalqımızın mənəvi, tarixi və mədəni irsinin qorunması və təşviqi sahəsində Fondun verdiyi dəyərli töhfələrdir.

Azərbaycanın “yumşaq gücü” dünyada hörmət qazanır
Azərbaycanın humanitar və mədəni təşəbbüsləri ölkənin beynəlxalq nüfuzunu artırır. Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr, yalnız iqtisadi və siyasi sahələrdə deyil, həm də mədəniyyət və sosial həyat sahələrində Azərbaycanın gücünü nümayiş etdirir. Bu təşəbbüslər “yumşaq güc”ümüzü gücləndirir, daxili rifahı yüksəldir və ölkəmizi beynəlxalq səviyyədə etibarlı və nüfuzlu oyunçulardan biri kimi tanıdır.
Eləcə də Azərbaycan dövləti ümumiyyətlə tolerantlıq sahəsində dünyada bir çoxlarına nümunə olacaq ölkədir, bu tolerantlıq xalqımızın genetik xüsusiyyətlərindən və tarixi ənənələrindən gəlsə də, dövlətin rolu da burada çox böyükdür. Çünki dövlət səviyyəsində tolerantlıq məsələsinə ciddi diqqət ayrılır, işlər görülür və bu məsələ hər zaman nəzərdə saxlanılır. Azərbaycanda dinlərə dözümlü yanaşma, fərqli inanclara tolerant münasibət, multikultural dəyərlərin yaşadılması həmişə önəm kəsb edib.
Aygün İlqarqızı / 32gun.az Xəbər Portalının baş redaktoru