ÖZ XƏBƏR

“Uber"in taksi sürücüsü maşını üzərimə sürdü” - Jurnalist DİN-ə müraciət etdi

Jurnalist Nigar Orucova sosial şəbəkədə paylaşım edərək “Uber” tətbiqi vasitəsilə çağırdığı taksi sürücüsünün ona hücum etdiyini bildirib. Onun sözlərinə görə, hadisə sürücünün proqramda eşitmə məhdudiyyətli kimi qeyd olunmasına baxmayaraq, sərnişinlə ünsiyyət qura bilməməsi ilə başlayıb.

N.Orucova qeyd edib ki, avtomobilə əyləşdikdən sonra marşrutu telefonda yazaraq sürücüyə göstərib. Lakin sürücü oxuya bilmədiyini işarə ilə bildirib. Bu səbəbdən jurnalist avtomobildən düşüb və hələ həyətdən çıxılmadığı üçün ödəniş etməyib. Bundan sonra sürücü onun arxasınca düşərək hücum etməyə cəhd göstərib.

Jurnalistin sözlərinə görə, həyətdə olan qonşuların köməyi ilə vəziyyətdən xilas ola bilib. Sürücü isə onu telefonla çəkib, daha sonra avtomobilinə əyləşərək uzaqlaşıb. N.Orucova şikayət etmək üçün maşının fotosunu çəkərkən, sürücünün yüksək sürətlə avtomobili onun üzərinə sürdüyünü də iddia edib.

“Bu cür sürücülər potensial təhlükədir. Əgər mənim yanımda qonşular olmasaydı, nəticə daha ağır ola bilərdi”, – deyə jurnalist vurğulayıb.

O, paylaşımında avtomobilin və sürücünün ona qarşı təhqiramiz əl hərəkətləri etdiyini əks etdirən fotoların da olduğunu bildirib və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək məsələyə hüquqi qiymət verilməsini xahiş edib.

***

DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli mətbuatın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır: “Vətəndaşın sosial şəbəkə hesabında paylaşdığı məsələ ilə bağlı məlumatlıyıq. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır”.

Oxşar Xəbərlər