Yeni Zelandiyanın Oklend Universiteti və Çinin Syamın Universitetindən olan beynəlxalq alimlər qrupu elektromobillərin əsl ekoloji təsiri ilə bağlı gözlənilməz nəticələr açıqlayıb.
32gun.az bildirir ki, "Energy" elmi jurnalında dərc olunan araşdırmada son 15 il ərzində 26 ölkədən toplanan məlumatlar təhlil olunub.
Alimlər avtomobillərin istehsalından utilizasiyasına qədər bütün həyat dövrünü nəzərə alaraq müəyyən ediblər ki, elektromobillərin tətbiqi qlobal karbon qazı emissiyalarının azalmasına gətirib çıxarmır. Əksinə, elektrik enerjisi əsasən kömür və neft kimi fosil yanacaqlardan əldə edilən ölkələrdə elektromobillər ənənəvi avtomobillərlə müqayisədə daha zərərli ola bilər.
Həqiqi ekoloji təsir üçün enerji sistemində bərpa olunan mənbələrin payı 48 faiz olmalıdır. Hazırda bu göstərici təxminən 30 faiz təşkil edir.
Araşdırmanın həmmüəllifi Stiven Poletinin sözlərinə görə, elektromobillərin ekoloji üstünlükləri tamamilə ölkənin elektrik istehsalı strukturundan asılıdır.
Tədqiqat mövcud iqlim strategiyalarının effektivliyini sual altına alaraq, emissiyaların azaldılması üçün kompleks yanaşmanın vacibliyinə diqqət çəkir.