Karolinska İnstitutunun alimləri adi sidik analizi vasitəsilə prostat xərçəngini erkən mərhələdə müəyyən etməyin mümkün olduğunu açıqlayıblar.
32gun.az bildirir ki, tədqiqatın nəticələri "Cancer Research" jurnalında dərc olunub.
Qeyd edilib ki, prostat xərçəngi kişilər arasında ölümün ən geniş yayılmış səbəblərindən biridir. Uzun müddət xəstəliyin erkən mərhələdə aşkarlanmasını çətinləşdirən əsas problemlərdən biri dəqiq markerlərin çatışmazlığı olub.
Yeni araşdırmada alimlər minlərlə şiş hüceyrəsini tədqiq edərək bütün insan genlərinin aktivliyini öyrəniblər. Bu məlumatlar əsasında prostat xərçənginin rəqəmsal modelləri hazırlanıb və süni intellektin köməyi ilə yeni protein markerləri tapılıb. Markerlər təxminən 2000 pasiyentin qanı, prostat toxuması və sidiyi üzərində sınaqdan keçirilib.
Nəticələr göstərib ki, sidikdə aşkarlanan yeni markerlər prostat xərçənginin mövcudluğunu və xəstəliyin ağırlıq dərəcəsini yüksək dəqiqliklə müəyyən edə bilir. Bu üsul mövcud biopsiya testindən daha effektiv hesab olunur.
Tədqiqatın rəhbəri, Karolinska İnstitutunun nümayəndəsi Mikael Benson bildirib ki, sidik analizi sadə, ağrısız və rahat diaqnostika üsuludur və gələcəkdə ev şəraitində də aparıla bilər.
Hazırda yeni markerlərin klinik sınaqları planlaşdırılır. Alimlər ümid edirlər ki, bu üsul sayəsində prostat xərçəngi daha tez aşkar olunacaq, insanların həyatı xilas ediləcək və sağlam kişilərdə lazımsız biopsiyaların qarşısı alınacaq.
Nilay