DİGƏR ÖZ XƏBƏR

Dağçılıq ayaqqabılarından havaya təhlükəli hissəciklər yayılır

Vyana Universiteti və Lozanna Federal Texniki Məktəbinin alimləri müəyyən ediblər ki, dırmaşma zalında istifadə olunan xüsusi alpinist ayaqqabılarının altlıqları havaya potensial zərərli kimyəvi hissəciklər buraxır.

32gun.az bildirir ki, araşdırmanın nəticələri ACS ES&T Air jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, bu ayaqqabıların altlıqları avtomobil şinlərinə bənzər materiallardan hazırlanır. Onların tərkibindəki möhkəmliyi artıran xüsusi kimyəvi qatqılar həm insan sağlamlığı, həm də ətraf mühit üçün risklər yarada bilər.

Alimlər, özləri də aktiv dırmaşma ilə məşğul olan tədqiqatçılardır. Onlar Vyana, Fransa, İspaniya və İsveçrədə yerləşən idman zallarında havadan nümunələr toplayıb. İnsan nəfəsini təqlid edən cihaz vasitəsilə hansı hissəciklərin birbaşa ağciyərlərə düşə biləcəyini araşdırıblar. Nəticələr isə tədqiqatçıları belə təəccübləndirib: pik saatlarda havadakı kimyəvi maddələrin səviyyəsi sıx şəhər küçələrindəki normadan belə yüksək olub.

Araşdırılan 30 cüt ayaqqabının tərkibində avtomobil təkərlərində olan eyni maddələr aşkar edilib. Onlardan biri — 6PPD — artıq ekoloqların diqqət mərkəzindədir. Onun törəmələri çaylarda balıqların kütləvi şəkildə tələf olması ilə əlaqələndirilir.

Bu maddələrin insan sağlamlığına konkret təsiri hələ dəqiq bilinməsə də, alimlər xəbərdarlıq edir: bu cür kimyəvi birləşmələr nəfəs aldığımız havada olmamalıdır. Xüsusilə uşaqlar və allergiyaya meyilli şəxslər üçün bu risk daha önəmlidir.

Ümidverici məqam isə odur ki, skaldorom sahibləri problemi ciddiyə alıb və əməkdaşlığa hazır olduqlarını bildiriblər. Alimlər ümid edir ki, bu araşdırma ventilyasiya sistemlərinin yaxşılaşdırılmasına, təmizlik metodlarının dəyişdirilməsinə və gələcəkdə alpinist ayaqqabılarının tərkibində yeniliyə səbəb olacaq.

Ayxan 

Oxşar Xəbərlər