İtaliyanın Sienna Universitetindən olan alimlər müəyyən ediblər ki, ədəbiyyat və incəsənət sahəsindəki bir çox dahiliklər erkən yaşlarda yaşanan çətinliklər və məhrumiyyətlər sayəsində formalaşıb.
32gun.az bildirir ki, tədqiqat Psychological Studies (PsyStudies) elmi jurnalında dərc edilib.
Araşdırma çərçivəsində alimlər Van Qoqu, Kafkanı və digər tanınmış yaradıcı şəxslərin bioqrafiyalarını təhlil ediblər. Məlum olub ki, məşhur sənətkarlar və yazıçılar çox vaxt emosional diqqətsizlik mühitində böyüyüblər və özlərini yaratdıqları dünyalarda xilas ediblər.
Tədqiqatçılar bildiriblər ki, narahatlıq və valideyn diqqəti çatışmazlığını kompensasiya etmək ehtiyacı qeyri-adi qabiliyyətlərin inkişafına təkan verən əsas amillərdəndir.
Psixoloqlar bu fenomeni Donald Vinikottun “keçid obyektləri” nəzəriyyəsi ilə izah edirlər. Uzunmüddətli qayğısızlıq şəraitində uşaqlar özlərini sakitləşdirmək üçün üsullar axtarır və bu üsullar sonradan yaradıcı bacarıqlara çevrilir. Lakin bu uyğunlaşmanın mənfi tərəfi də var — gələcəkdə psixi pozuntular və sosial çətinliklər riski artır.
Alimlər vurğulayırlar ki, çətin uşaqlıq müəyyən istedadların mənbəyi ola bilər, amma heç nə uşağın səmimi valideyn qayğısını əvəz edə bilməz.
Bu tədqiqat yalnız yaradıcılığın mənbəyini açmaqla qalmır, həm də uşaqlarda psixoloji problemlərin erkən aşkarlanmasının və müdaxilənin vacibliyinə diqqət çəkir. Müəlliflərin fikrincə, şəxsi inkişafın təməli məhz ilk illərdə qoyulur və vaxtında görülən tədbirlər potensial travmanı inkişaf vasitəsinə çevirə bilər.
Ayxan