Zəngilanın Razdərə kəndində son ana nəfəsinə qədər döyüşən Gülnaz Mehdiyeva – bir şəhid ananın taleyi
Mehdiyeva Gülnaz Şakir qızına aid olduğu bildirilən foto sosial şəbəkələrdə paylaşılıb. Fotoda Gülnaz Mehdiyeva övladı ilə birlikdə əks olunub.
32gun.az xəbər verir ki, Gülnaz Mehdiyevanın həyat yoldaşı Qarabağ müharibəsi zamanı şəhid olub. Bundan sonra o, tək və övladları ilə birlikdə Zəngilan rayonunun Razdərə kəndində yerləşən öz evində qalaraq döyüşməyə davam edib. Ağır və qeyri-bərabər şəraitə baxmayaraq, doğma torpaqlarını tərk etməyən Gülnaz Mehdiyeva son ana qədər müqavimət göstərib.
O, döyüşlər zamanı şəhid olub. Şəhid olduqdan sonra isə övladları erməni silahlı qüvvələri tərəfindən əsir götürülüb. Uşaqlar uzun müddət əsirlikdə saxlanıldıqdan sonra 1995-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə azad olunaraq Azərbaycana qaytarılıblar.
Bu hekayə Qarabağ müharibəsində qadınların göstərdiyi misilsiz qəhrəmanlığın və analıq fədakarlığının acı, eyni zamanda qürurverici nümunələrindən biri kimi yadda qalır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ayaz