Bakının unudulmuş xeyriyyəçisi : HACI ŞIXƏLİ DADAŞOV KİMDİR?
Fotodakı tarixi şəxsiyyətlərdən biri hesab edilən şəxsi tanıyırsınızmı? Bu zaman biz məlumat verək, oxuyun.
32gun.az yazır ki, bu şəxs XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakının həm iqtisadi, həm də mənəvi simasını formalaşdıran nəhəng simalardan biri — Hacı Şıxəli Ağa Dadaşovdur. O, sadəcə varlı bir tacir deyil, eyni zamanda milli təəssübkeşliyi ilə seçilən bir mesenat və ictimai xadim olmuşdur.
Dadaşovlar Nəsli və İlk Addımlar
Dadaşovlar ailəsi Bakı zadəganlığı və tacirləri arasında xüsusi çəkiyə malik idi. Ailənin gəlirləri neftdən daha çox dəniz nəqliyyatı və ticarətlə bağlı idi. 1876-cı ildə Hacı Şıxəlinin qardaşı Hacı Hacıağa Azərbaycanda birinci dərəcəli tacir rütbəsini alan ilk dörd şəxsdən biri oldu. Hacı Şıxəli də qısa zamanda bu siyahıya daxil olaraq imperiya miqyasında tanınan bir iqtisadi gücə çevrildi. Onun Ələkbər və Ələskər adlı iki oğlu var idi. Azərbaycanın dahi memarı Sadıx Dadaşov məhz Hacı Şıxəlinin nəvəsidir.
İqtisadiyyatda "Dəniz Maqnatı"
Hacı Şıxəli klassik mənada neft quyuları ilə deyil, Xəzər dənizindəki gəmiçilik imperiyası ilə tanınırdı. Onun şəxsi gəmi təmiri emalatxanaları və böyük ticarət donanması Bakı limanının işində həlledici rol oynayırdı. Lakin o, sadəcə öz biznesini düşünmürdü. Bakının həyati əhəmiyyətli layihələrində — Şollar su kəmərinin çəkilişində və Bakı-Batumi neft kəmərinin inşası üzrə komissiyada yaxından iştirak etmiş, bu layihələrin reallaşması üçün böyük məbləğdə şəxsi vəsait xərcləmişdir.
Erməni İnhisarçılığına Qarşı Mübarizə
Hacı Şıxəlinin ən böyük prinsiplərindən biri Bakı iqtisadiyyatında erməni kapitalının güclənməsinə yol verməmək idi. 1894-cü ildə baş vermiş bir hadisə onun bu mövqeyini bariz şəkildə göstərir. Nobellərin Bakı kontoru dövlət hərracında torpaq almaq üçün Peterburqdan pulun gecikməsini görür. Torpaqların erməni işbazlarının əlinə keçməsindən qorxan Nobel qardaşları Hacı Şıxəliyə müraciət edirlər. Hacı heç bir tərəddüd etmədən onlara lazımi vəsaiti verir. Nobel şirkətinin rəhbəri K. Hagelin xatirələrində yazırdı: "Dadaşov bizə ona görə kömək etdi ki, torpaqlar əbədi düşmənləri olan ermənilərə qismət olmasın".
Mənəvi İrs: Cümə Məscidi və Təhsil
İçərişəhərdəki məşhur Cümə məscidi məhz Hacı Şıxəlinin xeyriyyəçilik fəaliyyətinin zirvəsidir. O, 1899-cu ildə köhnə məscidin yerində müasir və möhtəşəm bir məscid binası tikdirərək şəhərə hədiyyə etdi. Hacı həmçinin dini məktəbləri və savadlı gəncləri dəstəkləyirdi. Onun adı bank sektorunda da etimad simvolu idi. 1874-cü ildə yaradılan əmanət kassalarının komitə üzvü olması əhalinin banklara inamını artırmışdı.
Vəfatı və Məzarı haqqında Acı Həqiqət
Hacı Şıxəli vəfat etdikdən sonra xalqın böyük sevgisi ilə özünün tikdirdiyi Cümə məscidinin qarşısında dəfn edildi. Lakin onun zənginliyi ölümündən sonra da talançıların diqqətini çəkmişdi. Məzarda qızıl və müvahirat olacağını düşünən oğrular gecə ikən qəbri açmış, tapa bilmədikdə isə qəzəbdən onun baş daşını oğurlamışdılar. Uzun illər baxımsız qalan və sovet dövründə unudulmağa çalışılan məzarı yalnız 2000-ci ildə ailəsi tərəfindən bərpa edilmişdir.
Bugün Malakan bağı (Xaqanı bağı) yaxınlığında və İçərişəhərdə ucalan binaları, bərpa etdirdiyi Cümə məscidi Hacı Şıxəli Dadaşovun Azərbaycan xalqı qarşısındakı xidmətlərinin canlı şahididir.
Nilay Özsöz