ÖZ XƏBƏR

Alkoqol insanlarda qəzəbi tanıma qabiliyyətini zəiflədir, empatiya hissini isə artırır

Alkoqol qəbulu insanların başqalarının üz ifadələrində və davranışlarında qəzəbi tanıma qabiliyyətini zəiflədir, eyni zamanda emosional yaxınlıq və empatiya hissini subyektiv olaraq gücləndirir. Beynəlxalq alimlər qrupunun apardığı araşdırma bu qənaətə gəlməyə əsas verib.

32gun.az bildirir ki, tədqiqat Scientific Reports (SR) jurnalında dərc olunub.

Alimlər alkoqol intoksikasiyasının empatiyanın iki əsas komponentinə — koqnitiv (emosiyaların tanınması) və affektiv (emosional həmahənglik) tərəflərinə təsirini araşdırıblar. Əvvəlki tədqiqatlarda ziddiyyətli nəticələr əldə olunduğundan, bu dəfə konkret hipotezlər əvvəlcədən irəli sürülməyib.

Eksperimentdə orta yaşı 23 olan, mütəmadi alkoqol qəbul edən və bəzən həddindən artıq içki içən 156 nəfər iştirak edib. İştirakçılar bir-birini tanımayan üç nəfərlik qruplara bölünüb və təsadüfi şəkildə iki şərtə ayrılıblar: bir qrupa alkoqollu içki, digərinə isə plasebo verilib. Bununla yanaşı, bütün iştirakçılar alkoqol içdiklərinə əmin olublar.
Alkoqol qəbul edən qrupa qanda alkoqol səviyyəsini təxminən 0,08 faizə çatdıracaq miqdarda araqlı kokteyl təqdim edilib. Nəzarət qrupuna isə alkoqolsuz tonik verilib, lakin gözlənti effektini qorumaq üçün alkoqoltesterdə saxta göstəricilər nümayiş etdirilib. İçkidən sonra iştirakçılar dəfələrlə sərxoşluq səviyyələrini qiymətləndirib, foto və videolar əsasında emosiyaların tanınması testlərindən, eləcə də empatiya ilə bağlı tapşırıqlardan keçiblər.
Nəticələr göstərib ki, alkoqol selektiv şəkildə qəzəb emosiyasının tanınmasını zəiflədir. Sevinc, qorxu, kədər və digər emosiyaların tanınmasında isə ciddi dəyişiklik müşahidə olunmayıb. Eyni zamanda, alkoqol qəbul edən iştirakçılar affektiv empatiyanın daha yüksək olduğunu bildiriblər — onlara elə gəlib ki, qrupdakı digər insanları daha yaxşı anlayır və hiss edirlər.
Tədqiqat müəlliflərinin fikrincə, bu təsirlərin birgə mövcudluğu mühüm sosial nəticələrə səbəb ola bilər. Bir tərəfdən, qəzəbə həssaslığın azalması təhlükə və ya münaqişə hissini zəiflədə, digər tərəfdən isə emosional yaxınlığın artması insanlar arasında ünsiyyəti gücləndirərək sosial məsafəni azalda bilər.

Nilay 

Oxşar Xəbərlər