ÖZ XƏBƏR

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında 27 min manatlıq alış-veriş ləğv edildi

“Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən mətbəə məhsullarının, dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı elan edilmiş müsabiqə nəzarət orqanının qərarı ilə ləğv olunub.

32gun.az xəbər verir ki,  satınalmanın ehtimal olunan qiyməti 27.678,00 AZN təşkil edib.

Rəsmi məlumata görə, müsabiqənin ləğvi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ-14042/2025 nömrəli məktubuna əsasən həyata keçirilib. Ləğvetmə qərarının verilməsinə səbəb kimi nəzarət orqanının mövqeyi göstərilib, lakin pozuntunun konkret məzmunu açıqlanmayıb.

Ləğv edilən satınalma çərçivəsində xəstəxana üçün 200–800 bağlama və ədəd həcmində mətbəx dəsmalları, salfetkalar, tualet kağızları, dezinfeksiyaedici mayelər, süpürgələr, elektrik açarları, rozetkalar, plafonlar, luminisent lampalar, starterlər və avtomat açarlar daxil olmaqla geniş çeşiddə təsərrüfat və texniki malların alınması nəzərdə tutulurdu.

Antiinhisar qurumunun müdaxiləsi ilə nəticələnən bu satınalma səhiyyə müəssisələrində keçirilən tenderlərin şəffaflığı və qanunvericiliyə uyğunluğu ilə bağlı sualları yenidən gündəmə gətirib.

 Ayaz

Oxşar Xəbərlər