Hindistanda bloger evdə hazırladığı saç yağına görə məhkəmə qarşısına çıxarılıb
Hindistanda 71 nəfərin sağlamlığına zərər vuran saç yağına görə bloger məhkəmə qarşısına çıxarılıb.
32gun.az xəbər verir ki, bu barədə Independent nəşri yazıb.
Bloger və yerli gözəllik salonunun sahibi Amandind Sinq saç baxımı üzrə seminar təşkil edib. Tədbir zamanı o, iştirakçılara ev şəraitində hazırladığı və saç tökülməsinə qarşı təsirli olduğunu iddia etdiyi yağı tətbiq edib. Məhsulun 10–15 dəqiqə sonra yuyulması tövsiyə olunub. Lakin bir müddət sonra iştirakçılarda göz yanması, üzdə qızartı və şişkinlik müşahidə olunub.
Polis bildirib ki, tədbir heç bir rəsmi icazə olmadan keçirilib. Yerli klinikalardan verilən məlumata görə, sonrakı günlərdə 71 nəfər “kontakt dermatiti” diaqnozu ilə həkimə müraciət edib. Həkimlər xəbərdarlıq ediblər ki, maddə gözün buynuz qişasına toxunsaydı, bu, hətta görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilərdi.
Məhkəmə iclası zamanı Sinqin müdafiə tərəfi bildirib ki, o, məhsul üçün patent müraciəti verib və yaranmış problemlərin yağdan düzgün istifadə edilməməsindən qaynaqlandığını iddia edib. Lakin məhkəmə bu arqumenti qəbul etməyib.
Məhkəmə həmçinin cəmiyyət və sosial şəbəkələr tərəfindən diktə olunan gözəllik standartlarının insanların psixi sağlamlığına zərər vurduğunu vurğulayıb. Sübut olunmamış effektivliyə malik məhsulların reklamının qınanmalı olduğu qeyd edilib.
Mətbuatın yazdığına görə, Sinq hazırda hüquq-mühafizə orqanlarından gizlənir, onun əməkdaşlarından biri isə artıq həbs olunub.
Nilay