Fransanın ədliyyə naziri Jeral Darmaen ölkədə narkoticarətlə mübarizəni gücləndirmək məqsədilə nağd puldan imtina etməyə çağırıb.
32gun.az bildirir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Nazir bu təklifini maliyyə cinayətlərinin araşdırılması ilə məşğul olan Senat komitəsinin dinləmələri zamanı səsləndirib. O bildirib ki, yalnız nağdsız ödəniş sisteminə keçid narkotik satış nöqtələrinin ləğvini asanlaşdıra bilər, çünki cinayətkarlar maliyyə nəzarətindən yayınmaqda çətinlik çəkəcəklər.
Bununla belə, jurnalistlərin qeyd etdiyinə görə, bir çox fransızlar hələ də nağd pullardan tamamilə imtina etməyə hazır deyillər. Ölkədə ödəniş kartları artıq ən çox istifadə olunan ödəniş üsuluna çevrilib — vətəndaşların 62 faizi kartlardan, yalnız 14 faizi isə nağd pullardan istifadə edir. 2024-cü ildə ilk dəfə olaraq kartla ödənişlər nağd ödənişləri üstələyib.
Bütün bunlara baxmayaraq, Fransa sakinlərinin əksəriyyəti nağd ödəniş imkanını vacib sayır. Sorğulara əsasən, respondentlərin 60 faizi bu ödəniş növünü anonimlik, dərhal hesablaşma rahatlığı və xərclərə nəzarət baxımından üstün hesab edir.
Ayxan