Beynəlxalq alimlər qrupu Veneranın orbitini paylaşan, lakin Yerdən demək olar ki, görünməyən asteroidlərin potensial təhlükə daşıdığını müəyyən edib.
32gun.az bildiri ki, tədqiqatın nəticələri arXiv portalında dərc olunub.
Hazırda elmi ictimaiyyətə Venera orbitinə yaxın 20 asteroid məlumdur. Onlar birbaşa Veneraya yaxınlaşmasalar da, trayektoriyaları zamanla Yer orbitinə çata bilər. Əgər bu asteroidlərin diametri 140 metrə çatır və Yerə 0,05 astronomik vahiddən daha yaxın məsafədə keçirlərsə, risk daha da artır.
Alimlər qeyd edir ki, bu cür cisimləri müşahidə etmək çətindir, çünki onlar günəş işığı fonunda gizlənir. Xüsusilə, orbitindəki elliptiklik (eksantriklik) aşağı olan asteroidlər daha təhlükəlidir — onlar daha az nəzərə çarpır və daha çətin proqnozlaşdırılır.
Tədqiqatçılar bildirirlər ki, belə asteroidlərin orbitləri xaotikdir və təxminən 150 ildən sonra onların hərəkəti tamamilə proqnozlaşdırılmaz olur.
Riskin miqyasını anlamaq üçün alimlər fərqli orbitlərə malik 26 asteroid “klonunu” modelləşdirərək onların 36 min il ərzində necə hərəkət etdiyini izləyiblər. Nəticələr göstərib ki, az meylli və eksantrikliyi 0,38-dən aşağı olan asteroidlər Yerə yaxınlaşa bilər.
Ümidlər 2025-ci ilin iyulunda istifadəyə veriləcək Vəra Rubinin adına olan yeni müşahidə observatoriyasına bağlanır. Lakin bu teleskop da bu asteroidləri yalnız ilin müəyyən vaxtlarında, günəş işığının zəif olduğu dövrlərdə görə biləcək.
Alimlər hesab edirlər ki, bu cür “gizli” təhlükələri tam izləmək üçün xüsusi kosmik missiya tələb olunur — məsələn, Günəşə arxa tərəfi yönəlmiş və Venera orbitində yerləşən müşahidə aparatı.
“Yalnız 150 metr diametrə malik bir asteroid belə Yerə çırpıldıqda yüzlərlə meqaton gücündə partlayış yarada bilər — bu isə İkinci Dünya Müharibəsində atılmış atom bombalarından minlərlə dəfə güclüdür,” — deyə tədqiqatçılar xəbərdarlıq ediblər.
Ayxan