DÜNYA ÖZ XƏBƏR

Alimlər yuxusuz gecələrin qadınlara doğuşdan sonrakı əsl təsirini araşdırdılar

Beynəlxalq alimlər qrupu doğuşdan sonrakı dövrdə qadınların yuxusuzluqla bağlı yaşadıqları real çətinlikləri ortaya çıxarıb.

32gun.az xəbər verir ki, araşdırma SLEEP jurnalında dərc olunub.

Araşdırmaya görə, yeni analar üçün əsas problem ümumi yuxu saatının azalması deyil, fasiləsiz yuxunun olmamasıdır.

Tədqiqatda 26–43 yaş arası və ilk dəfə ana olmuş 41 qadın iştirak edib. Onların doğuşdan bir il əvvəl və doğuşdan sonrakı ilk il ərzində Fitbit cihazları vasitəsilə yuxu məlumatları toplanıb.

Nəticələrə görə, doğuşdan sonrakı ilk həftədə anaların gündəlik yuxusu orta hesabla cəmi 4,4 saat olub. Halbuki hamiləlikdən əvvəl bu göstərici 7,8 saat təşkil edib. Daha da narahatedici məqam isə fasiləsiz yuxunun kəskin azalmasıdır — əvvəllər 5,6 saat olan fasiləsiz yuxu müddəti 2,2 saata enib. Hətta anaların təxminən 32 faizi doğuşdan sonrakı ilk günlərdə 24 saatdan çox yatmayıb.

Zamanla ümumi yuxu müddəti artsa da (2–7-ci həftələrdə 6,7 saat, 8–13-cü həftələrdə 7,3 saat), fasiləsiz yuxunun müddəti əvvəlki səviyyəyə qayıtmayıb — maksimum 4,1 saat olub.

Tədqiqatın müəllifi, Çikaqodakı Raş Universitetinin klinik psixoloqu doktor Tereza Lillis bildirib ki, ən ciddi problem fasiləsiz yuxunun kəskin azalmasıdır: “Ümumi yuxu saatı əvvəlki səviyyəyə yaxınlaşsa da, yuxu strukturu pozulub və bu da anaların daim yorğun olmasına səbəb olur.”

Alimlər xəbərdarlıq ediblər ki, belə yuxu pozuntusu doğuşdan sonrakı depressiya və digər sağlamlıq problemlərinə yol aça bilər. Bu səbəbdən, analara dəstək yanaşmaları dəyişməli, hər gün azı bir dəfə uzunmüddətli fasiləsiz yuxu üçün şərait yaradılmalıdır.

Tədqiqat populyar “uşaq yatanda sən də yat” tövsiyəsini də şübhə altına alır. Doktor Lillisin fikrincə, bu strategiya yetərli deyil, əsas məqsəd analar üçün uzun fasiləsiz yuxunun təmin edilməsidir.

Ayxan 

Oxşar Xəbərlər