Britaniyalı cütlük gəmi səyahəti zamanı 3 min avro borc yığıb, qaçmağa çalışdı
Britaniyadan olan 23 yaşlı kişi və onun 18 yaşlı sevgilisi cəmi iki gün davam edən kruiz (Kruiz — sərnişin gəmisində təşkil olunan dəniz səyahəti) zamanı minlərlə avro borc yığıb, sonra isə ödəniş etmədən qaçmağa cəhd göstəriblər.
32gun.az xəbər verir ki, bu barədə The Sun nəşri məlumat yayıb.
Cütlük Fransa limanlarından birində kruiz gəmisinə minərək, ilk iki gün ərzində barlarda spirtli içkilər içib və gəmidəki kazinoda əlavə xidmətlər sifariş ediblər. Nəticədə onların ümumi borcu 3196 avroya (təxminən 6 000 manat) çatıb.
Gəmi İbiza limanına çatanda cütlük təcili şəkildə gəmini tərk edib. Onların yoxa çıxması dərhal məlum olmayıb, lakin daha sonra cütlüyün axtarışına başlanılıb və onlar hava limanında yaxalanıblar.
Nəşrdə qeyd olunur ki, detektivlər əməliyyat başladıqdan sonra cütlüyü İbiza hava limanında izləyərək saxlayıblar. Onların adanı təyyarə ilə tərk etməyi planlaşdırdıqları bildirilib.
Gəmi heyətindən olan bəzi əməkdaşlar cütlüyün əvvəldən şübhəli göründüyünü deyib. Çünki yeddi gün davam etməli olan kruizə qatılan cütlük özləri ilə çox az əşya götürmüşdü.
Ayxan