ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, Vaşinqtonun İranın Fordo şəhərindəki nüvə obyektinə hücumu və ya İsrailin İranın ali dini lideri Əli Xameneini aradan qaldırması halında Tehran nüvə silahı yaratmaq prosesinə başlaya bilər.
32gun.az bildirir ki, bu barədə “The New York Times” nəşri yazıb.
Amerika kəşfiyyatının məlumatına əsasən, İran artıq nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran ehtiyatı toplayıb.
Ağ Evin mənbələrindən bildirilib ki, ABŞ Fordoda yerləşən yeraltı uran zənginləşdirmə obyektinə zərbə endirmək üçün taktiki nüvə silahından istifadəyə də istisna etmir.
Qeyd edək ki, bir neçə gün öncə “Axios” nəşri də Ağ Evdəki mənbələrə istinadla yazmışdı ki, ABŞ dünyanın ən güclü qeyri-nüvə bombası ilə İranın Fordo şəhərindəki nüvə obyektini vurmağı planlaşdırır.
Bundan əvvəl isə məlum olmuşdu ki, ABŞ-ın yüksək vəzifəli rəsmiləri İrana mümkün hərbi zərbə ilə bağlı hazırlıqlara başlayıblar. Bildirilir ki, zərbənin yaxın həftəsonunda endirilməsi planı da müzakirə olunur. Bir sıra federal qurum rəhbərlərinin artıq bu ssenariyə uyğun hərəkətə keçdiyi qeyd edilir. Rəsmi olaraq isə Ağ Ev belə bir hazırlıq barədə ictimaiyyətə məlumat verməyib.
Ayaz