Fransanın Qida Təhlükəsizliyi Agentliyi (ANSES) apardığı tədqiqatda sübut edib ki, su, qazlı içkilər, pivə və şüşə butulkada olan şərab plastik və ya metal qablaşdırmadakı eyni içkilərə nisbətən 5–50 dəfə çox mikroplastik ehtiva edir.
32gun.az bildirir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
ANSES-in tədqiqatlar üzrə direktoru Giyom Dyuflo bildirib ki, alimlər Fransada məşhur olan içkilərin qablaşdırma növünün mikroplastik səviyyəsinə təsirini araşdırıblar. Orta hesabla, şüşə butulkadakı bir litr içkidə təxminən 100 mikroplastik hissəcik aşkarlanıb.
Tədqiqatçı İselin Şaibin sözlərinə görə, nəticə gözlənilənin əksinə olub. Mikroplastik hissəciklərin forması, rəngi və tərkibi şüşə butulkaların üzərindəki qapağın xarici rənginə uyğun gəlir. Güman edilir ki, qapaqlar bir-birinə toxunaraq və sürtünərək mikroskopik cızıq əmələ gətirir və həmin nahiyələrdən plastik hissəciklər ayrılır.
Su üçün isə bütün qablaşdırma növlərində mikroplastik səviyyəsi nisbətən aşağı olub — şüşə butulkada litr başına 4,5, plastikdə isə 1,6 hissəcik aşkarlanıb. Şərabda da bu göstərici azdır və səbəbləri hələ məlum deyil.
Qazlı içkilər və pivə üçün isə bu rəqəm litr başına 30-60 hissəcik arasında dəyişib. ANSES bildirir ki, mikroplastiklərin insan sağlamlığına təhlükəsi barədə hələ yekun qərar yoxdur, toksiklik həddi müəyyən edilməyib.
Agentlik istehsalçılara qapaqların təmizlənməsi metodlarını yaxşılaşdırmağı tövsiyə edir. Məsələn, qapaqların hava ilə üfürülməsi, sonra su və spirtlə yuyulması çirklənməni 60% azaltmağa imkan verir.
Nilay