Cənubi Koreyanın Birləşmə naziri Çon Don Yon ölkə vətəndaşlarının Şimali Koreya sakinləri ilə əvvəlcədən məlumat vermək şərti ilə sərbəst şəkildə əlaqə qura biləcəyini açıqlayıb.
32gun.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Nazir Şimali Koreya vətəndaşları ilə təmasları tənzimləyən əvvəlki nazirlik təlimatlarını ləğv edən sənədi imzalayıb. Sözügedən təlimatlar son illərdə iki Koreya arasında demək olar ki, bütün özəl təmasları dondurmuşdu.
"Bu qərar özəl səviyyədə genişmiqyaslı təmaslara imkan yaradır. Xalqlar arasında sərbəst ünsiyyət qarşılıqlı anlaşmanı təmin edə və sülh içində birgəyaşayışa səbəb ola bilər", – deyə nazir bildirib.
Yeni qərara əsasən, Cənubi Koreya vətəndaşları yalnız əvvəlcədən nazirliyə məlumat verməklə şimal koreyalılarla azad şəkildə əlaqə saxlaya biləcəklər.
Qeyd edək ki, The Korea Times iyulun 24-də yaydığı məlumata görə, Cənubi Koreya hökuməti Şimali Koreya lideri Kim Çen Inı oktyabrın 31-dən noyabrın 1-dək Seulda keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə dəvət edə bilər. Mənbənin bildirdiyinə görə, bu dəvət Koreya yarımadasındakı gərginliyin azaldılması istiqamətində mühüm addım ola bilər.
Ayaz