ABŞ-ın sabiq prezidenti Co Baydenin dərisindən xərçəng hüceyrələrinin çıxarılması üçün növbəti əməliyyat icra olunub.
32gun.az xəbər verir ki, bu barədə NBC telekanalı keçmiş dövlət başçısının mətbuat katibinə istinadən məlumat yayıb.
Məlumata görə, 82 yaşlı siyasətçi əməliyyatdan sonra özünü yaxşı hiss edir və bərpa prosesi uğurla davam edir. Əməliyyat “Mos proseduru” adlanan üsulla həyata keçirilib. Bu metod daha çox dəri xərçənginin geniş yayılmış formalarının müalicəsində istifadə olunur. Prosedur zamanı dəri qatları ardıcıl şəkildə kəsilərək xərçəng hüceyrələri tamamilə çıxarılır.
Baydenin nümayəndəsi əməliyyatın hansı tarixdə keçirildiyini açıqlamayıb.
Xatırladaq ki, 2025-ci ilin may ayında sabiq prezidentdə prostat vəzi xərçənginin sümüyə yayılmış aqressiv forması aşkarlanmışdı. O vaxt siyasətçi sidik ifrazı ilə bağlı problemlərdən sonra həkimlərə müraciət etmiş və müayinələr nəticəsində prostatında “kiçik düyün” müəyyən edilmişdi.
Bundan əvvəl, 2023-cü ilin martında isə Baydenin dərisindən bədxassəli törəmə götürülmüşdü.
Ayaz