Arayikgillə bağlı sübutlar elan olundu
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 6-da davam etdirilib.
"32gun.az" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilib.
Belə ki, bugünkü məhkəmə iclasında təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarını təsdiq edən sənədlərin və sübutların elan olunmasına başlanılıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sənədlərin və sübutların təqsirləndirilən şəxs Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) ilə bağlı olan hissəsini diqqətə çatdırıb.
Bildirilib ki, təqsirləndirilən Arayik Harutyunyanın 1991-ci ilin dekabr ayında cinayətkar birliyə qoşulmaqla 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları icra etməklə cinayətkar birlik tərəfindən törədilmiş bütün cinayətlərdə bilavasitə və dolayı yolla iştirak etməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiqlənib.
Qeyd edilənlər onun sıravi iştirakçı olmadığını, Ermənistan ordusunun döyüş qabiliyyətinin təmin edilməsində, qanunsuz silahlı birləşmələrin fasiləsiz təchizatında və onların qanunsuz silahlı əməliyyatlar aparmaq imkanlarının saxlanılmasında birbaşa rol oynadığını sübut edir.
Diqqətə çatdırılıb ki, tədqiq edilmiş materiallardan birinə əsasən, A.Harutyunyanın 1990-cı illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən cinayətlərdə qardaşı ilə birlikdə, habelə Kərkicahan qəsəbəsində, Xocalıda gedən döyüşlərə iştirak etməsi təsdiqini tapıb.
Qeyd olunub ki, məhkəmədə tədqiq edilmiş videomaterial təqsirləndirilən şəxsin təkcə vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın suveren ərazilərinə səfər etmədiyini, həm də döyüş mövqelərinin yoxlanılması, oradakı qüvvələrin potensialının öyrənilməsi və hərbi əməliyyatların davamlılığının təmin olunmasına yönələn fəaliyyətlərdə bilavasitə iştirak etdiyini sübuta yetirir. Bu isə onun Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı aparılan hərbi təcavüzün informasiya, təşkilati və kadr təminatı istiqamətində mühüm rol oynadığını bir daha təsdiqləyir.
Bildirilib ki, A.Harutyunyan Azərbaycan xalqına, xüsusilə dinc əhaliyə qarşı çoxsaylı cinayətlərin, terror aktlarının törədilməsində iştirak etməklə yanaşı, qeyd edilən əməllərini sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmaqdan da çəkinməyib.