Arayikgilə istənilən cəzalar bəlli oldu - MƏHKƏMƏ
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 13-də davam etdirilib.
"32gun.az" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli çıxış edərək təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar üzrə cinayət əməllərinin tövsifinə münasibət bildirib.
O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal edildiyini, bununla da Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə apardığını təsdiqləyib.
İttiham çıxışında göstərilib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar müharibə aktiv hərbi əməliyyatların aparılmadığı dövrdə belə faktiki olaraq dayandırılmayıb.
Təcavüzkar müharibənin gedişində Ermənistan silahlı qüvvələri atəşkəsi dəfələrlə pozmaqla Azərbaycan Respublikası ərazisində qanuni fəaliyyət göstərən onun Silahlı Qüvvələrinin üzvlərini, mülki şəxsləri, onların əmlaklarını, mülki təyinatlı dövlət obyektləri, dini, təhsil, elm, tibb obyektlərini, xəstə və yaralıların yerləşdiyi yerləri, habelə mühüm strateji əhəmiyyətə malik obyektləri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərini hücum obyektinə çevirib.
Habelə bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən verilən işgəncələrin sistematik xarakter daşıması və geniş coğrafiyada yayılması işgəncənin tətbiqinin Ermənistan dövlətinin siyasətini əks etdirdiyini sübut edir.
Vurğulanıb ki, Cenevrə Konvensiyalarına I Əlavə Protokol “işğal edən dövlətin öz vətəndaşlarının bir hissəsini işğal etdiyi əraziyə köçürməsini” cinayət sayıb. Qeyd edilib ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan və Bako Sahakyan ifadələrində Azərbaycanın işğal altında olan bölgələrinə, xüsusən də Laçın rayonuna Ermənistandan əhalinin köçürüldüyünü təsdiqləyiblər.
Eyni zamanda, bu faktlar məhkəmə istintaqında tədqiq edilmiş məktublar, erməni mənbələrin məlumatları və internet informasiya ehtiyatında olan məlumatlara əsasən təsdiq olunub.
Vurğulanıb ki, Ermənistanın hərbi təcavüzü yalnız Azərbaycan Silahlı Qüvvələrinin üzvlərinə yönəlməyib, eyni zamanda, ən böyük şəhər və rayonlarından olan Gəncə, Bərdə, Ağcabədi, Yevlax, Mingəçevir, Zərdab, Kürdəmir, Qəbələ və sair kimi əraziləri hücum obyekti kimi müəyyənləşdirib.
Beləliklə də məhkəmədə tədqiq olunan sübutlarla təsdiq olunub ki, Ermənistan Azərbaycanın suveren ərazilərini işğal edib, Azərbaycana hərbi təcavüz zamanı, eləcə də ondan sonrakı dövrdə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və çoxlu sayda digər xüsusilə ağır cinayətlər törədib.
Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov çıxış edərək təqsirləndirilən şəxslərin ittiham olunduqları hər bir cinayət əməlinə görə təyin edilməli cəzaya dair dövlət ittihamını müdafiə edən prokurorların təkliflərini səsləndirib.
Çıxış zamanı, həmçinin təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılması, irəli sürülmüş bəzi ittihamlarla müqayisədə təqsirləndirilən şəxslərin əməllərinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsi məhkəməyə təklif edilib.
Vurğulanıb ki, təqsirləndirilən Arkadi Qukasyanın, Bako Sahakyanın və Madat Babayanın ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxslər 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz.