Eyni ad, eyni soyad, eyni rayon – iki Fuad Məhərrəmlinin ürəkdağlayan taleyi
Vətən müharibəsinin acı xatirələri illər keçsə də unudulmur.
32gun.az bildirir ki, Sosial şəbəkələrdə yayılan bir paylaşım oxuyanların qəlbini sızladıb. Qəribə və kövrək bir tale – eyni adı və eyni soyadı daşıyan, eyni rayonda doğulan və eyni müharibədə şəhid olan iki igid Vətən oğlu…
Söhbət Fuad Məhərrəmlilərdən gedir. Soldakı Fuad Məhərrəmli 2001-ci ildə, sağdakı Fuad Məhərrəmli isə 1994-cü ildə Tərtər rayonunda anadan olub. Hər iki Fuad 2020-ci ildə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Onları birləşdirən təkcə ad-soyad və doğulduqları rayon deyil. Hər iki şəhid subay olub, hər ikisi döyüşlərdə göstərdikləri şücaətə görə “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif ediliblər.
Bu oxşarlıqlar təsadüf kimi görünsə də, arxasında böyük bir ağrı və qürur dayanır. İki fərqli ailənin, amma eyni adlı iki övladının Vətən uğrunda canından keçməsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub.
Fuad Məhərrəmlilərin xatirəsi daim ehtiramla anılacaq. Onların yarımçıq qalan arzuları, qoruduqları torpaqlarda yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Nilay