Gömrük Komitəsi 1,1 milyon manatlıq kamera və proqram təminatı alır
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən kamera avadanlıqları və proqram təminatlarının satınalınması ilə bağlı iri həcmli satınalma həyata keçirilir.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 1.128.055,35 manat təşkil edir.
Satınalma sənədlərinə əsasən, layihə çərçivəsində minlərlə ədəd şəbəkə avadanlığı, o cümlədən CAT6 RJ-45 konnektorları və on minlərlə metr uzunluğunda CAT6 SF/UTP kabelinin alınması nəzərdə tutulur. Bununla yanaşı, serverlər üzrə lisenziyaların bölüşdürülməsi, proqram təminatının quraşdırılması və bu proseslə bağlı konsultasiya xidmətlərinin göstərilməsi də satınalma paketinə daxildir.
Sənədlərdə həmçinin video məlumatların saxlanması imkanlarını genişləndirən pStor Video Storage paketləri, əlavə VSS kanallarının aktivləşdirilməsi, üçüncü tərəf saxlama resurslarının inteqrasiyası, eləcə də uzaqdan sayt idarəetmə sisteminin baza və genişləndirmə paketlərinin əldə olunacağı göstərilir. Bu paketlər vasitəsilə bir neçə obyektin mərkəzləşdirilmiş şəkildə uzaqdan idarə olunması planlaşdırılır.
Məlumata görə, satınalma əsasən gömrük obyektlərində təhlükəsizlik kameralarının fəaliyyətinin gücləndirilməsi, video nəzarət sistemlərinin genişləndirilməsi və mərkəzləşdirilmiş idarəetmənin təmin edilməsinə xidmət edir. Ayrılan vəsaitin həcmi və alınacaq proqram təminatlarının sayı isə diqqət çəkir.
Ayaz