Dubaydakı dəbdəbəli toy sahibinin qalmaqallı keçmişi - Deputatın qardaşını niyə döyüblər?
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğluna Dubayda toy etməsi ictimaiyyətin diqqətini cəlb edib. Mərasim Dubayın nüfuzlu “Ritz-Carlton” otelində təşkil olunub və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, toydan sonra deputatın qardaşı Hasil Nurullayevin kimliyi və keçmiş fəaliyyəti yenidən gündəmə gəlib.
Hazırda xaricdə yaşayan jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında yazıb ki, 2010-cu ildə Sankt-Peterburqdakı “Usadba” restoranının parkinqində Rusiya vətəndaşı olan bir nəfər azərbaycanlı digər 3 nəfər tərəfindən beysbol dəyənəkləri ilə vəhşicəsinə döyülüb.
“Təsadüf nəticəsində orada olan milis əməkdaşları onu ölümdən xilas edir.
Həmin şəxs deputat Razi Nurullayevin qardaşı, bu günlərdə Dubayda oğluna dəbdəbəli toy edən HASİL NURULLAYEV idi.
İstintaqın versiyasına görə Hasil Nurullayevin onun qətlini sifariş edən İlham Oruc oğlu Əliyevə böyük məbləğdə borcu olub.

Hadisə ilə bağlı “Qrup halında əvvəlcədən əlbir olaraq qətlə cəhd” maddəsi ilə cinayət işi qaldırılır. Hadisədən sonra Hasil Nurullayev xaricə qaçır. Dövlət orqanlarına məktublar yazaraq "Əliyevdən qorunmasını” xahiş edib.
Kimdir İlham Oruc oğlu Əliyev? O, Hasil Nurullayevin həyat yoldaşının əmisidir.
Sonradan onlar barışırlar və cinayət işi illərlə bağlı qalır. Lakin son illərdə Razi Nurullayevin qardaşını qətlə yetirmək cəhdində şübhəli bilinən icraçılardan biri tutulur. O, sifarişçi kimi İlham Əliyevin adını çəkir. Bundan sonra Nurullayev şahid və zərərçəkən qismində istintaqa cəlb edilir. İllərlə davam edən istintaq və məhkəmə işi ötəm ilin avqustunda başa çatır və Hasil Nurullayevin həyat yoldaşının əmisi "adam öldürməyə cəhd" maddəsi ilə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il yarım müddətinə azadlıqdan məhrum edilir.
Razi Nurullayevin qardaşıarı Hüseyn və Hasil Nurullayevlər və Dubayda toyu olan qardaşı oğlu Şahin Nurullayev 20 ildən bəridir ki, Sankt-Peterburqda əmlak və tikinti bizneslə məşğuldurlar, “Perspektiva”, “Alternativa”, “Elizaveta”, “Orion”, “Munir”, “Olimp-Finans”, “Asset”, “Yabloko”, “Avrora”, “Merkuri”, “Şans” və “Rik” kimi çoxsaylı şirkətlərə sahibdirlər”.