ABŞ-da aparılan yeni araşdırmaya əsasən, İİV (HİV) və Hepatit B-nin müalicəsində istifadə olunan antiretrovirus preparatlar Altsheymer xəstəliyinin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.
32gun.az bildirir ki, Elelmi işin nəticələri Alzheimer's & Dementia (A&D) jurnalında dərc olunub.
Alimlər xüsusilə nukleozid tərs transkriptaza inhibitorlarına (NTTI) diqqət yetiriblər. Bu dərmanlar hüceyrə daxilində iltihab proseslərini başladan inflyammasomları bloklamaqla iltihabı yatırmaq xüsusiyyətinə malikdir. Xroniki neyroiltihab bu gün Altsheymer xəstəliyinin əsas səbəblərindən biri sayılır.
Tədqiqat çərçivəsində ABŞ Veteranların Sağlamlıq İdarəsinin (11 milyon insan) və MarketScan adlı kommersiya tibbi sığorta bazasının (158 milyon pasiyent) məlumatları təhlil edilib. Araşdırmaya 50 yaşdan yuxarı, tədqiqatın əvvəlində Altsheymer diaqnozu olmayan 270 mindən çox insan daxil edilib. Analiz zamanı yaş, yanaşı xəstəliklər, psixi sağlamlıq və biokimyəvi göstəricilər də nəzərə alınıb.
Nəticələr ümidverici olub: hər il davam edən NTTI müalicəsi Altsheymer xəstəliyinin inkişaf riskini 4–10% azaldıb. Araşdırma və nəzarət qrupları arasındakı fərqlər düzəldildikdən sonra bu göstərici 13%-ə, ölüm riski nəzərə alındıqda isə 37%-ə qədər yüksəlib.
Alimlər bildiriblər ki, bu istiqamətdə əlavə klinik sınaqlara ehtiyac var. Gələcəkdə bu preparatların Altsheymer xəstəliyinin qarşısını almaqda və ya onun inkişafını ləngitməkdə effektivliyi daha geniş pasiyent qruplarında yoxlanacaq.
Nilay