Migrenin ağrılı fazasında qazlı kofeinli içkilərə meyil artır, onun başlamasından əvvəl isə insanlar daha çox şokolad yemək istəyir.
32gun.az bildirir ki, bu barədə The Conversation nəşrinə danışan Darhem Universitetinin neyrobioloq professoru Amanda Ellison məlumat verib.
Onun sözlərinə görə, ağrıdan əvvəlki prodromal mərhələdə bir çox insan ya emosional dəstək axtarır, ya da xüsusi bir şeyi yeməyə meyil göstərir. Bəziləri soyuq su içməyi üstün tutur, digərləri isə şokolad və ya fastfud istehlak edir. Alim qeyd edir ki, bu davranışlar beynin migren zamanı pozulmuş kimyəvi balansı bərpa etmək cəhdlərini əks etdirir.
Bu pozuntuların əsas göstəricilərindən biri serotonin səviyyəsinin aşağı düşməsidir. Şokolad kimi məhsullar onu artırmağa kömək edir, baxmayaraq ki, bəzən şirniyyat da migreni tətikləyə bilər.
Migrenin daha gec mərhələlərində, xüsusilə ağrılı fazada, orqanizmdə damar dəyişiklikləri baş verir. Bu zaman insanlar kofe və ya qazlı içkilər içmək istəyə bilər. Bu içkilərdəki kofein damarları daraldaraq ağrı reseptorlarına təzyiqi azaldır və üçlü sinirlə bağlı nəbzvari ağrıları yüngülləşdirə bilər.
Professor Ellison əlavə edib ki, şirin içkilərdəki şəkər və duzlu qəlyanaltılardakı duz da qlükoza və elektrolit balansının bərpasına kömək edə bilər. Lakin o qeyd edib ki, bəzi insanlar migren tutması zamanı ümumiyyətlə yeməkdən imtina edir və triptanlar kimi dərmanlara üz tutur. Bu dərmanlar serotonin və histamin səviyyəsini tənzimləyir.
“Migren zamanı dad istəklərindəki dəyişikliklər beynin özünü qorumağa çalışmasının nəticəsidir. Bu reaksiyaları anlamağa əsaslanan fərdi yanaşma migrenlə mübarizəni daha təsirli edə bilər,” – deyə professor vurğulayıb.
Nilay