DİGƏR ÖZ XƏBƏR

Alimlər 100 il və daha çox yaşamağın dörd əsas şərtini açıqlayıblar

Britaniyanın Vestminster Universitetindən olan alimlər uzunömürlülüyə töhfə verən dörd əsas amili müəyyən ediblər.

32gun.az bildirir ki, tədqiqat The Conversation portalında dərc olunub.

Araşdırmalara görə, həftədə cəmi 75 dəqiqə sürətli gəzinti insan ömrünü iki il uzada bilər. Lakin uzunömürlüyün əsas düşməni oturaq həyat tərzidir. Alimlər hər 30 dəqiqədən bir qalxmağı və gündə 30 dəqiqə orta intensivlikdə fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edirlər.

30 il ərzində 100 min insanın iştirak etdiyi başqa bir tədqiqat göstərib ki, 70 yaşa qədər xroniki xəstəliksiz çatan şəxslər daha çox tərəvəz, meyvə, qoz-fındıq və bütöv taxıllarla qidalanıblar. Bununla belə, alimlər əti tamamilə rasiondan çıxarmamağı, qidada balans saxlamağı vacib sayırlar.

Nizamızsız yuxu ömrü 50% qısalda bilər. Ən ideal yuxu müddəti 7-9 saat hesab olunur, lakin bu, fərdi ehtiyaclara görə dəyişə bilər. Xüsusilə gecə növbəsində işləmək sağlamlığa ciddi zərər vurur.

Alimlər vurğulayırlar ki, uşaqlıq travmaları və xroniki stress hüceyrə səviyyəsində qocalmanı sürətləndirir. Yoqayla məşğul olmaq, sosial fəallıq və yaxınlarla güclü münasibətlər psixoloji davamlılığı qorumağa kömək edir. Gündəlik dostları ilə ünsiyyət quran yaşlı insanlar, orta hesabla, beş il daha çox yaşayırlar.

Qeyd olunur ki, genetika insan ömrünün yalnız 20-40%-ni müəyyən edir. Məsələn, 115 il yaşayan britaniyalı Etel Katerheym və 104 il yaşamış bacısı uzunömürlü olsalar da, Etelin qızları yalnız 71 və 83 il yaşayıblar.

“İdeal genetika və sağlam vərdişlər 115 il yaşamaya zəmanət vermir, lakin yaşlılıqda sağlam və fəal qalmaq şansını əhəmiyyətli dərəcədə artırır”, – deyə alimlər bildiriblər.

Ayxan 

Oxşar Xəbərlər