"Dostunun kim olduğunu söylə, sənin kim olduğunu deyim" - alimlər məşhur bir atalar sözünün doğruluğunu sınayıblar
Çürix Universitetinin tədqiqatçıları gənc yaşda insan xarakterinin dostlarının şəxsiyyət xüsusiyyətlərinə uyğunlaşdığını sübut ediblər.
32gun.az xəbər verir ki, nəticələr Review of Economics and Statistics jurnalında dərc olunub.
Alimlər 1200-dən çox şveytsariyalı bakalavr tələbəsini “Böyük Beşlik” şəxsiyyət modelinə (açıq fikirli olmaq, vicdanlılıq, ekstraversiya, mehribanlıq və nevrotiklik) və rəqabət qabiliyyətinə görə qiymətləndiriblər. Daha sonra tələbələr təsadüfi şəkildə dörd nəfərlik qruplara bölünərək bir semestr ərzində birlikdə fəaliyyət göstəriblər.
Dörd il davam edən sorğular göstərib ki, tələbələr ətrafdakı vicdanlı, açıqfikirli və rəqabətcil həmkarlarının xüsusiyyətlərini mənimsəyirlər. Lakin ekstraversiya, mehribanlıq və nevrotiklikdə əhəmiyyətli dəyişikliklər müşahidə olunmayıb.
Eksperiment müəllifləri bildirirlər ki, vicdanlı dostlar qrupdakı stres səviyyəsini azaldaraq təhsil fəaliyyətini artırır. Tələbələr akademik mühitdə faydalı olan xüsusiyyətləri daha çox qazanırlar ki, bu da motivasiyalı şəxsiyyət dəyişməsi nəzəriyyəsini təsdiqləyir.
Vicdanlılıq və rəqabətcilikdəki dəyişikliklər dörd ilədək qorunub saxlanılır, açıq fikirlilikdə isə zamanla təsir azalır. Bu nəticələr yalnız tələbələr üçün deyil, həm də təhsilçilər və təhsil siyasətçiləri üçün əhəmiyyətlidir.
Ayxan