DİGƏR ÖZ XƏBƏR

Alimlər kompüter yaddaşını daha sürətli və səmərəli etmək üçün üsul tapıblar

Yaponiyalı alimlərdən yeni texnologiya: kompüter yaddaşı daha sürətli və az enerji sərf edəcək

Yaponiyanın Tokio Elm İnstitutunun alimləri kompüter yaddaşını idarə etməyin yeni üsulunu hazırlayıblar. Bu texnologiya yaddaşın enerji sərfiyyatını azaltmaqla yanaşı, məhsuldarlığını da artıracaq.

32gun.az bildirir ki, tədqiqat Advanced Materials jurnalında dərc olunub.

Hazırkı yaddaş qurğuları elektrik cərəyanı ilə işləyir, bu isə enerji itkisinə və istilik yaranmasına səbəb olur. Bu problem xüsusilə noutbuk, smartfon və serverlər üçün aktualdır. Alimlər bu problemi həll etmək məqsədilə müxtəlif fiziki xüsusiyyətlərə malik olan – multiferroik materiallara müraciət ediblər. Bu materiallar elektrik sahəsinin təsiri ilə maqnit xüsusiyyətlərini dəyişə bilir və bu zaman istilik yaranmır.

Əvvəllər hesab olunurdu ki, yaddaşa təsir üçün elektrik sahəsinin istiqaməti maqnit siqnalının istiqaməti ilə eyni olmalıdır. Bu məhdudiyyət yeni qurğuların yaradılmasını çətinləşdirirdi. Lakin professor Kei Şigematsunun rəhbərlik etdiyi komanda sübut edib ki, elektrik sahəsi maqnit siqnalına bucaq altında yönəldikdə də yaddaşı idarə etmək mümkündür.

Təcrübələr BiFe₀.₉Co₀.₁O₃ adlı nadir materialın nazik qatları üzərində aparılıb. Bu material yeni nəsil yaddaş sistemlərində istifadə oluna bilər və elektrik komponentlərinin daha çevik yerləşdirilməsinə imkan verir. Bu isə cihazların daha kiçik və effektiv olmasını təmin edəcək.

Professor Şigematsu bildirib:
“Bizim texnologiyamız telefonlar və kompüterlər üçün daha güclü və enerji baxımından qənaətcil yaddaş yaratmağa imkan verəcək. Bu, rəqəmsal qurğuların gündəlik həyatımızda artan rolunu nəzərə alaraq xüsusilə vacibdir.”

Alimlər hesab edir ki, bu kəşf kompakt, sürətli, qənaətcil və ekoloji yaddaş qurğularının hazırlanmasına böyük töhfə verəcək.

Ayaz 

Oxşar Xəbərlər