Avstraliyanın Kvinslend Universitetinin alimləri və xarici həmkarları birgə araşdırmada müasir nəsillərin yaşlılıq dövründə demensiya xəstəliyinə tutulma riskinin əvvəlki nəsillərlə müqayisədə daha az olduğunu müəyyən ediblər. Xüsusilə bu fərq qadınlarda daha aydın sezilir.
32gun.az bildirir ki, tədqiqat JAMA Network Open elmi jurnalında dərc olunub.
Tədqiqat ABŞ, Böyük Britaniya və Avropadan 62 mindən çox insanın məlumatlarını əhatə edən genişmiqyaslı layihəyə əsaslanır.
Alimlər bildiriblər ki, 81-85 yaş qrupunda 1939-1943-cü illərdə doğulanlarda demensiya halları 15,5% təşkil edir ki, bu da 1890-1913-cü illərdə doğulanların 25,1%-lik göstəricisi ilə müqayisədə təxminən iki dəfə azdır.
Mütəxəssislər bu müsbət dinamikanı səhiyyə sisteminin təkmilləşdirilməsi, təhsilin əlçatanlığının artırılması, siqaret çəkənlərin sayının azalması, həmçinin ürək-damar xəstəlikləri və diabetin daha effektiv müalicəsi ilə əlaqələndirirlər.
Xüsusilə qadınlar arasında irəliləyişin səbəbi XX əsrin ikinci yarısından etibarən onların təhsil imkanlarının genişlənməsi ilə izah olunur.
Lakin alimlər xəbərdarlıq edirlər ki, demensiyanın profilaktikasında əsas nailiyyətlər artıq əldə edildiyindən bu tendensiyanın tempi yavaşlaya bilər. Eyni zamanda, iqtisadi və ekoloji yeni çağırışların gələcək statistikaya təsiri mümkündür.
Nilay