DİGƏR ÖZ XƏBƏR

Şəkərli diabet riski olanlara eyni pəhriz uyğun deyil

Stanford Tibb Məktəbinin alimləri qan şəkərinin karbohidratlara reaksiyasının insanın insulinə qarşı həssaslıq dərəcəsindən və beta hüceyrələrinin fəaliyyətindən asılı olduğunu müəyyən ediblər. Onların fikrincə, bu o deməkdir ki, prediyabet və şəkərli diabet hallarında qidalanma fərdi şəkildə tənzimlənməlidir. 32gun.az bildirir ki, tədqiqatın nəticələri nüfuzlu Nature Medicine jurnalında dərc olunub.

Genetika professoru və tədqiqatın rəhbərlərindən biri olan Maykl Snayder bildirib:
Az şəkər yeyin kimi tövsiyələr kifayət qədər effektiv deyil, çünki bütün xəstələrə eyni yanaşılır. Halbuki prediyabet müxtəlif formada özünü göstərə bilər və hər kəs üçün uyğun məhsullar fərqlidir”.

Tədqiqatda 2-ci tip diabet diaqnozu qoyulmamış 55 nəfər iştirak edib. Onlardan 26 nəfərinin prediyabet vəziyyətində olduğu müəyyən olunub. İştirakçılara genişləndirilmiş metabolik testlər, qan analizi, mikrobiom və digər bioloji göstəricilərə dair analizlər aparılıb. Daha sonra onlar fasiləsiz işləyən qlükometrlərlə təchiz ediliblər və 7 standart məhsulu – düyü, çörək, makaron, kartof, lobya, üzüm və giləmeyvə – acqarına iki dəfə qəbul ediblər. Məhsulları yedikdən sonra 3 saat ərzində şəkər səviyyəsi izlənilib.

Nəticələr gözlənilməz dərəcədə müxtəlif olub. İştirakçıların demək olar ki, hamısında üzüm və düyüdən sonra şəkər səviyyəsində sıçrayış müşahidə edilib. Lakin kartof və makarona reaksiyalar metabolik tipdən asılı olaraq xeyli fərqlənib. İnslulinə qarşı müqaviməti olan şəxslər makaron qəbuluna daha kəskin reaksiya verib. Həm insulin müqaviməti, həm də zəif beta-hüceyrə funksiyası olanlarda isə kartofa daha yüksək şəkər reaksiyası qeydə alınıb.

Kartofa qarşı reaksiya göstərən şəxslərdə həmçinin diabetik vəziyyətlər üçün səciyyəvi olan yüksək trigliserid, yağ turşuları və digər metabolitlər də aşkar olunub.

Alimlər kartof və üzümə fərdi şəkər reaksiya profilinin insulin müqavimətinin potensial biomarkeri ola biləcəyini və bunun sayəsində mürəkkəb analizlərə ehtiyac qalmadan risklərin müəyyən edilə biləcəyini düşünürlər.

Araşdırmada o da yoxlanılıb ki, karbohidratlardan əvvəl bir qədər lif, zülal və ya yağ (məsələn, yumurta ağı, krem-freş və ya noxud lifi) qəbul etməklə şəkər sıçrayışının qarşısını almaq mümkündürmü. Bu üsul yalnız metabolik cəhətdən sağlam iştirakçılarda effekt verib. Digərlərində ciddi təsir müşahidə olunmayıb, lakin bu yanaşmanın əlavə araşdırmalara ehtiyacı olduğu qeyd olunub.

Snayder bildirib: “İnsulinə qarşı həssaslığınız zəif olsa belə, yeməyə zülal, yağ və ya liflə başlamaq yaxşı fikirdir. Odur ki, kartof qızartmasından əvvəl salat və ya kotlet yeyin”.

Alimlər vurğulayırlar ki, diabet riski olanlar üçün vahid və universal pəhriz mövcud deyil. Qidaların tərkibi, qəbul ardıcıllığı və orqanizmin reaksiyası fərdi metabolik profilə əsasən müəyyən edilməlidir. Gələcəkdə bu cür fərdi məlumatlar həm şəxsi pəhriz tövsiyələrinin hazırlanmasında, həm də gizli prediyabet hallarının erkən diaqnostikasında mühüm rol oynaya bilər.

Nilay 

Oxşar Xəbərlər