ABŞ-ın Şmidt Okeanoqrafiya İnstitutunun alimləri Antarktida ekspedisiyası zamanı nadir dərinlik kalmarı Gonatus antarcticus növünü ilk dəfə olaraq təbii mühitdə görüntüləyə biliblər.
32gun.az bildirir ki, bu barədə National Geographic (NatGeo) jurnalı məlumat yayıb.
Təxminən bir metr uzunluğundakı başayaqlını 2024-cü ilin sonunda 2152 metr dərinlikdə idarə olunan sualtı aparat (ROV) vasitəsilə qeydə alıblar.
“İndiyə qədər bu canlı haqqında yalnız ölmüş nümunələr və ya digər heyvanların mədəsindəki qalıqlardan məlumatımız var idi,” – deyə başayaqlılar üzrə mütəxəssis Kett Bolstad bildirib.
Görüntüləmə zamanı aparatın işığından qorxan kalmar yaşılımtıl mürəkkəb buludu buraxaraq müdafiə reaksiyası göstərib. Alimlər bir neçə dəqiqə ərzində lazer ölçmələri ilə onun ölçülərini müəyyənləşdiriblər. Ardınca canlı dərinliyin qaranlığında yoxa çıxıb.
Bu nadir müşahidə alimlərə kalmarın təbii davranışını və morfologiyasını birbaşa öyrənmək imkanı verib. Kəşf Antarktika sularının biomüxtəlifliyi və okeanın qaranlıq zonasında canlıların ekstremal şəraitə uyğunlaşması ilə bağlı elmi məlumatları genişləndirir.
Ayaz