Arkanzas Universitetinin alimləri herbisidlərin təsirindən yaranan bitki stressini insan gözündən daha dəqiq qiymətləndirən yeni texnologiya hazırlayıblar.
32gun.az bildirir ki, tədqiqatın nəticələri Smart Agricultural Technology (SAT) jurnalında dərc olunub.
32gun.az xəbər verir ki, alimlər bu məqsədlə 250–2500 nanometr diapazonunu əhatə edən işıq spektrini qeydə alan hiperspektral sensorlardan istifadə ediblər. Bu texnologiya Chenopodium album adlı alaq otunun “qlifosat” adlı herbisidə qarşı reaksiyasını izləməyə imkan verib. Ənənəvi RGB kameralar yalnız üç rəngdə görüntü təqdim etdiyi halda, bu sensorlar minlərlə spektral məlumatı toplayaraq bitkilərin vəziyyəti haqqında daha dəqiq informasiya əldə etməyə şərait yaradır.
Layihənin əsas məqsədi — herbisidlərin təsirini insan faktoru olmadan, avtomatlaşdırılmış şəkildə qiymətləndirməkdir. Çünki vizual qiymətləndirmə zamanı ekspertin təcrübəsi, yorğunluğu və hava şəraiti nəticəyə təsir edə bilir. Alimlər “random forest” adlı maşın öyrənməsi alqoritmindən istifadə edərək 12,1% səhv payı ilə nəticə əldə ediblər. Gələcək hədəf bu göstəricini 10%-dən aşağı salmaqdır.
Tədqiqatın rəhbəri professor Nilda Roma-Burqos bildirib ki, bu metod herbisidlərin effektivliyinin qiymətləndirilməsində subyektivliyi aradan qaldıracaq və daha davamlı kənd təsərrüfatı sisteminin qurulmasına töhfə verəcək.
Komanda gələcək mərhələdə digər alaq növləri, müxtəlif herbisidlər və müxtəlif iqlim şəraitində bu texnologiyanı test etməyi planlaşdırır.
Nilay