Alimlər müəyyən ediblər ki, yaşlı insanlarda müşahidə olunan “pozitiv meyl” idrak funksiyalarının zəifləməsi ilə bağlı ola bilər.
32gun.az xəbər verir ki, Araşdırma JNeurosci jurnalında dərc olunub.
Təl-Əviv Universiteti və Kembric alimlərinin apardığı araşdırma göstərib ki, yaşlı insanlar çox vaxt neytral və ya hətta mənfi emosiyaları müsbət kimi qəbul edirlər. Uzun müddət bu xüsusiyyətin qocalıqda emosional rifahı qorumağa kömək etdiyi düşünülürdü. Lakin yeni nəticələr əksini ortaya qoyur — belə “pozitiv yanaşma” idrak qabiliyyətlərinin zəifləməsi ilə əlaqəli ola bilər.
Tədqiqatda 665 nəfər iştirak edib və onlara üz ifadələrini tanıma testi keçirilib. Yaşlı könüllülər arasında emosiyaları müsbət yöndə şərh etməyə meyilli olanların idrak testlərində nəticələri daha zəif olub. Bununla belə, onlarda depressiya əlamətləri normadan yüksək qeydə alınmayıb.
Alimlər həmçinin emosiyaların emalı və sosial qərarların qəbulu ilə bağlı beyin strukturlarında dəyişikliklər aşkarlayıblar. İşin müəlliflərindən biri Noham Volpe bildirib ki, hazırda bu nəticələrin yaşlı insanlarda erkən idrak zəifləməsi, xüsusilə də tez-tez demensiyanın ilk əlaməti olan apatiya ilə necə əlaqəli olduğunu araşdırırlar.
Ayaz