Payız mövsümü ənənəvi olaraq saç tökülməsinin artması ilə müşayiət olunur. Əgər normal halda gündə təxminən 100 saç telinin tökülməsi fizioloji norma hesab edilirsə, oktyabr–noyabr aylarında bu rəqəm xeyli arta bilər.
32gun.az xəbər verir ki, bu barədə Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNİPU) “Kimya və biotexnologiya” kafedrasının böyük elmi işçisi, tibb elmləri namizədi Valeri Litvinov məlumat verib.
Mütəxəssisin sözlərinə görə, yayda gün işığının uzun olması səbəbindən orqanizmdə daha çox serotonin və D vitamini istehsal olunur ki, bu da saçların böyüməsini stimullaşdırır. Payızda bu maddələrin səviyyəsi azalır, əksinə, epifiz vəzi daha çox melatonin ifraz edir. Bu hormon saç follikullarının bir hissəsini “istirahət” fazasına keçirir və 2–3 ay sonra kütləvi saç tökülməsi başlayır.
“Buna görə də mövsümi saç tökülməsinin pik dövrü oktyabr–noyabr aylarına təsadüf edir, baxmayaraq ki, proses artıq avqust–sentyabrda başlamış olur. Bu, proqramlaşdırılmış yenilənmədir və təşvişə səbəb deyil”, – deyə Litvinov bildirib.
Alim əlavə edib ki, xarici faktorlar da mühüm rol oynayır. Yay istisi, ultrabənövşəyi şüalar və emosional gərginlik orqanizmə stress yaradır, payızda saç tökülməsi isə bu təsirlərin gecikmiş reaksiyası olur. Günəş şüalarının həddən artıq olması baş dərisində oksidləşdirici stress yarada və follikul hüceyrələrinə zərər verə bilər.
Fizioloji tökülməni patoloji haldan ayırmaq da mümkündür. Normalda daraqda və ya yuyunduqdan sonra saçların bir qədər çoxalması narahatlıq doğurmur. Amma saçların dəstə ilə tökülməsi, açıq sahələrin yaranması və ya seyrəlmənin nəzərə çarpması halında həkimə müraciət edilməlidir.
Litvinov həmçinin vurğulayıb ki, bu prosesin evolyusion kökləri var. Məməlilərdə mövsümi tük tökülməsi fəsillərə uyğunlaşmağa kömək edib və bu mexanizm insanda rudiment olaraq qalıb.
Saç itkisini minimuma endirmək üçün alim balanslaşdırılmış qidalanma, stressin azaldılması və düzgün qulluq məsləhət görür. Kosmetoloji prosedurlar (məsələn, mezoterapiya) sıxlıq problemi olanlar üçün faydalı ola bilər, lakin çox vaxt payız saç tökülməsi müdaxilə tələb etmir.
Nilay