DÜNYA ÖZ XƏBƏR

Fransa Ümummilli Xidməti ləğv edir, könüllü hərbi xidmət tətbiq olunacaq

Fransa hökuməti prezident Emmanuel Makronun təşəbbüsü ilə 2018-ci ildə yaradılmış Ümummilli Xidməti (Service national universel, SNU) ləğv edir. Onun əvəzində ölkədə könüllü hərbi xidmət sistemi qurulacaq.

32gun.az xəbər verir ki, bu barədə Fransa Baş naziri Sebastyan Lekornunun açıqlaması hökumətin mətbuat xidməti tərəfindən dərc olunub. Sənəddə qeyd olunur ki, 2026-cı il yanvarın 1-dən etibarən SNU ləğv ediləcək və bu istiqamətə cavabdeh qurumun fəaliyyəti dayandırılacaq.

Hazırda könüllü hərbi xidmətin hansı şərtlərlə həyata keçiriləcəyi və necə təşkil olunacağı açıqlanmayıb.

Xatırladaq ki, Fransada məcburi hərbi xidmət 1997-ci ildə prezident Jak Şirak dövründə ləğv olunub. O vaxtdan ölkə yalnız peşəkar orduya güvənib. Prezident Makron isə 2018-ci ildə gənclər arasında milli birliyi və vətəndaş məsuliyyətini gücləndirmək məqsədilə SNU layihəsini işə salmışdı. Lakin layihə gözləntiləri doğrultmadı və daha çox simvolik təşəbbüs olaraq qaldı.

May ayında “France Strategie” qurumunun ali komissarı Klement Bon yeni hesabat təqdim edərək SNU-nun miqyasının genişləndirilməsini və ya məcburi hərbi xidmətə qayıdış ehtimalını gündəmə gətirmişdi.

Ayaz 

Oxşar Xəbərlər