Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyalı biatlonçu Yevgeni Ustyugovun nəticələrinin ləğv edilməsindən sonra Vankuver və Soçi Olimpiya Oyunlarında qazanılmış medalların yenidən paylanması barədə qərar qəbul edib.
32gun.az xəbər verir ki, məlumat qurumun rəsmi saytında dərc olunub.
İdmançı Soçi-2014 Olimpiadasında qazandığı qızıl medaldan, həmçinin Vankuver-2010 Oyunlarında mass-start və estafetdə əldə etdiyi qızıl və bürünc medallardan məhrum edilib. Bundan əlavə, Ustyugovun 2011-ci ildə keçirilən dünya çempionatında mass-start və estafetdə qazandığı iki gümüş medalı da ləğv olunub.
Onunla birlikdə, Soçi-2014-də estafet yarışında qızıl medal qazanan rusiyalı biatlonçular — Aleksey Volkov, Dmitri Malışko və Anton Şipulin də mükafatlardan məhrum ediliblər.
Xatırladaq ki, 27 oktyabr 2020-ci ildə İdman Arbitraj Məhkəməsinin (CAS) antidopinq paneli Ustyugovu qadağan olunmuş preparatlardan istifadədə ittiham etmişdi. Bu qərarla onun 2010–2014-cü illər arasında qazandığı bir sıra titullar ləğv olunmuşdu. 22 may 2025-ci ildə isə idmançı İsveçrə Federal Məhkəməsinə verdiyi apellyasiyanı uduzub.
Ayaz