"Qarabağ" əsas mərhələdə "Kopenhagen"i də məğlub etdi - Rəqiblərdən GÜNDƏM YARADACAQ AÇIQLAMALAR (YENİLƏNİB)
Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Şükürlər olsun, gözəl qələbə alındı. Rəqib "Kopenhagen" olsa da futbolçularım çəkinmədi, sonadək mübarizə apardılar. Bu cür mübarizə bizə qarşıdakı oyunlarda fayda verəcək.

"32gun.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis 2 oyundan 6 xal qazanmalarını şərh edib: "Məndə inam hər zaman olub. Ötən mövsüm Avropa Liqasında yaxşı oynamışdıq, sadəcə, 1 qələbə qazanmışdıq. Buna baxmayaraq, hər şey yaxşılığa doğru gedirdi. Meydana inamsız çıxsaq uduza bilərik. Düzdür, reallığı da nəzərə almaq lazımdır. İlk oyundan 6 xal gözləməsəm də komandama inanırdım".
Prezident İlham Əliyevin qələbə münasibətilə "Qarabağ"ı təbrik etməsinə münasibət bildirən mütəxəssis dövlətimizin başçısına təşəkkür etdiyini söyləyib: "Məsuliyyətimiz artır, dayanmaq olmaz. Daha da inkişaf etməliyik".
Baş məşqçi Türkiyə mətbuatının "Qarabağ"a diqqət ayırmasına da toxunub: "Uğur olan yerdə diqqət də olur. Qardaş ölkənin bizi diqqətdə saxlaması həm dayaq, həm də sevincdir. Mən də "Qalatasaray"ı "Liverpul" üzərində qələbəyə görə təbrik edirəm".
Q.Qurbanov "Qarabağ"ın özü üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Ən əsası məşqçi kimi formalaşmağında xüsusi rolu olub. Bu ad məni nə yorulmağa, nə də ruhdan düşməyə qoydu. "Qarabağ"da futbolçularımdan hər zaman əsgərlər kimi vuruşmağı istəmişəm. Nadir hallarda uşaqlarda yorğunluq olur. Hər zaman sonadək oynayırlar. Amma uğur daimi olmur. Çünki hamı inkişaf edir, yenilik axtarır. Bəzən az transfer edirik. Çünki istəmirik ki, hansısa oyunçu gəlib kollektivi korlasın".
Mütəxəssis Elvin Cəfərquliyevin matçın oyunçusu seçilməsi barədə də danışıb: "Onun adına sevinirəm. İlk olaraq, mənim komandamda çıxış edir, ikincisi, azərbaycanlı futbolçudur. Elvin heç də rahat oyunçu deyil. Stabillik çatışmır. Amma son oyunlarda daha da ciddiləşib. Bəlkə də mən onunla ciddi məşğul oluram. Amma ona bel bağlamaq olmaz (gülür). Bəlkə də məsuliyyətli olmaq üçün ona daha bir neçə il lazımdır. Bu, Elvinin əsl potensialı deyil. Daha yaxşı futbolçu ola bilər".
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu oktyabrın 22-də İspaniyada "Atletik"ə qarşı keçirəcək.
***

Meydanda gözlədiyim "Qarabağ"ı gördüm. Bu komandanın gücünü bilirdik. İlk hissədə rəqib mükəmməl oynadı. Biz isə zəif təsir bağışladıq. Nəticədə qol buraxdıq.
Bu sözləri "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan çempionunun layiqli qələbə qazandığını bildirib: "İkinci hissədə vəziyyəti dəyişsək də qol vurmaq alınmadı. Meydanda başabaş mübarizə getdi. Hesab heç-heçə də ola bilərdi".
O, "Qarabağ"ın əla komanda olduğunu söyləyib: "Çox yaxşı futbolçuları və baş məşqçisi var. Qurban Qurbanova hörmətlə yanaşıram. Uzun illərdir "Qarabağ"a rəhbərlik edir. Onlara gələcək oyunlarda da uğurlar arzu edirəm".
Yakob Neestrup Ağdam klubunun Çempionlar Liqasında sürpriz edə biləcəyini istisna etməyib: "Sadəcə, buna inanmaq lazımdır. Bizim də şanslarımız var. Sonadək mübarizə aparacağıq".
*** 22:40 01-10-2025
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
"32gun.az" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.