ABŞ-da hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) nəticəsində 1,3 milyon hərbçi maaş almadan xidmətini davam etdirməyə məcbur olub.
32gun.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt açıqlama verib.
Onun sözlərinə görə, ABŞ ordusu, donanması, Hərbi Hava Qüvvələri, Dəniz Piyadaları Korpusu, Sahil Mühafizəsi və Kosmik Qüvvələrdə xidmət edən hərbçilər həyatlarını riskə ataraq ölkəni qoruduqları halda, hazırda əməkhaqqı ala bilmirlər.
Levitt bildirib ki, maliyyələşmənin dayandırılması səbəbindən bir çox hərbçi ailəsi artıq ərzaq yardımı üçün müraciət etməyə başlayıb.
Ağ Evin nümayəndəsi əlavə edib ki, ABŞ Konqresi hökumətin maliyyələşməsini bərpa etmək barədə qərarı yaxın vaxtda qəbul edə bilər:
“Əgər demokratlar düzgün qərar qəbul etsələr, hökumətin fəaliyyətindəki dayanma sona çata bilər”, — deyə o vurğulayıb.
Qeyd edək ki, 1 oktyabrdan ABŞ-da hökumət rəsmi olaraq fəaliyyətini dayandırıb. Buna səbəb Senatda büdcə layihəsi üzrə razılığın əldə olunmaması olub. Əsas mübahisə məsələsi isə səhiyyənin maliyyələşdirilməsi ilə bağlıdır.
Ayaz