Britaniyalı Lora Makferson adlı qadın illərlə sevgilisini aldadaraq, guya xərçəng xəstəliyindən əziyyət çəkdiyini söyləyib və ondan pul alıb.
32gun.az Daily Mail-ə istinadən yazır ki, qadın bu yolla plastik əməliyyat üçün vəsait toplayıb.
Derbi məhkəməsinin məlumatına görə, Makferson sevgilisinə — 44 yaşlı iş adamı Con Leonarda — uşaqlıq boynu, yumurtalıq, bağırsaq və döş xərçəngi kimi bir neçə xəstəlikdən əziyyət çəkdiyini deyib. O, hətta öz qızını da bu yalanlara inandırıb və sosial şəbəkələrdə xəstəxana çarpayısında çəkilmiş şəkillər paylaşaraq “müalicə aldığı” görüntüsünü yaradıb.
Leonard onun “müalicəsinə” kömək məqsədilə təxminən 33 min dollar göndərib və “sağalmasını” qeyd etmək üçün 40 min dollarlıq Rolex saatı hədiyyə edib. Əslində isə qadın həmin pulları Avstriyada spa istirahətinə və döş böyütmə əməliyyatına xərcləyib.
Məhkəmə qərarına əsasən, Makferson 2026-cı il yanvarın 5-dək 40 min dollar məbləğində kompensasiya ödəməlidir. Bu pulun bir hissəsi onun əmlakının, o cümlədən Rolex saatının satışından geri qaytarılacaq.
Leonard bildirib ki, “nəhayət, hər şey başa çatdı” və qadının yalanlarının onun səkkiz ilini məhv etdiyini vurğulayıb. Onun sözlərinə görə, Makferson “manipulyativ və yalançı insandır” və günahını etiraf etdikdən sonra belə, onun haqqında saxta məlumatlar yaymağa davam edib.
Məhkəmə qadını ictimai işlərə cəlb edib və ona beş gün ərzində axşam saat 19:00-dan səhər 06:00-dək evdən çıxmaq qadağası qoyub. Hakim xəbərdarlıq edib ki, qaydalar pozularsa, Makferson dərhal həbs olunacaq.
Ayaz